×
A
A
A
Sazlamalar

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Bakı, 9 may, AZƏRTAC

"Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazandığım üçün çox xoşbəxtəm. Uğurlu çıxışım ilə bunu sübut etdim".
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat Turnirində "Paris-2024"ə lisenziya qazanan Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti deyib.
130 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda qarşılaşdığı litvalı rəqibi Mantas Knistautasa ilə görüşün çətin keçdiyini bildirib: "Rəqibim Dünya və Avropa çempionatlarının mükafatçısı idi. Lakin qələbə qazanmağı bacardım. Uğurumu "Paris-2024" Yay Olimpiya Oyunlarında davam etdirmək istəyirəm. Artıq mötəbər yarışda təcrübəm var və medal da qazanmışam. Fransaya növbəti uğurlu nəticə üçün gedəcəyəm. Bu, mənim son Olimpiadam olacaq. Buna görə də özümü yaxşı tərəfdən göstərmək istəyirəm".
Qeyd edək ki, Sabah Şəriəti ilə yanaşı, digər yunan-Roma güləşçilərimiz Murad Məmmədov (60 kiloqram) və Rafiq Hüseynov (87 kiloqram) Olimpiya Oyunlarına lisenziya qazanıblar.

İdman 2024-05-09 22:55:00