×
A
A
A
Sazlamalar

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Ankara, 9 may, AZƏRTAC

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ölkəsinin investorlarını Azərbaycan iqtisadiyyatına yeni yatırımlar etməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, Cevdet Yılmaz Ankarada Türkiyə-Azərbaycan biznes forumunun iştirakçılarına müraciət edərək, Azərbaycan bazarının imkanlarına diqqəti çəkib.
“Türkiyənin biznes dairələrini Azərbaycanda, xüsusilə energetika, elektronika, mədən sənayesi, tikinti, informasiya texnologiyaları sahələrində yeni layihələr həyata keçirməyə çağırıram”, - deyə vitse-prezident bildirib.
Onun sözlərinə görə, oxşar çağırış Türkiyə iqtisadiyyatının potensialından istifadə etməyə hazır olan Azərbaycan şirkətlərinə ünvanlanmalıdır.
“Ötən ilin yekunlarına görə, Türkiyənin ÜDM-i ilk dəfə olaraq 1,1 trilyon dolları keçib. Bu gün ölkəmiz dünyanın 17-ci ən böyük iqtisadiyyatına sahibdir”, - deyə Cevdet Yılmaz bildirib.
Türkiyənin vitse-prezidenti neft-qaz sektorundan əldə edilən gəlirləri ölkə iqtisadiyyatının qeyri-neft sahələrinin inkişafına yönəldən Azərbaycan hökumətinin uğurlu iqtisadi siyasəti haqqında da danışıb. “Azərbaycanın iqtisadi imkanlarının şaxələndirilməsinə yönəlmiş çox düzgün və düşünülmüş strategiya göz qabağındadır. Əminəm ki, Türkiyə şirkətləri də Azərbaycan iqtisadiyyatının gələcək modelinin formalaşdırılmasına töhfə verə bilərlər”, - deyə siyasətçi qeyd edib.
Cevdet Yılmaz Türkiyə tərəfinin Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpasına maksimum töhfə verməyə hazır olduğunu vurğulayıb.
O, Türkiyə ilə Azərbaycanın uğurlu qarşılıqlı fəaliyyətinin digər türk dövlətləri üçün də əməkdaşlıq nümunəsi olacağına ümid etdiyini bildirib.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Siyasət 2024-05-09 16:19:00