×
A
A
A
Sazlamalar

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Bakı, 9 may, AZƏRTAC

Mayın 10-11-də Astara rayon sakinləri üçün tibbi aksiya keçiriləcək.
Səhiyyə Nazirliyi və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə təşkil olunacaq aksiya zamanı Dəmiryol Səyyar Klinikası tərəfindən rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək.
Aksiya saat 09:00-da Astara rayonu, Dəmir yol vağzalında keçiriləcək.
Bu barədə AZƏRTAC-a adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən məlumat verilib.
Bildirilib ki, tibbi aksiyanın keçirilməsinin əsas səbəbi sakinlərin göz xəstəlikləri ilə bağlı problemlərinin aşkar edilməsi və həll olunmasına kömək göstərməkdir. Aksiyadakı müayinələr əsasında göz problemləri ilə bağlı ümumi nəticə çıxarılaraq müəyyən olunan xəstəliklər barədə müzakirə aparılır. Buna əsasən qeyd edilməlidir ki, ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılır.
Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, həmçinin cərrahi xidmət göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika təşkil edilib. Səyyar klinikanın fəaliyyətinin əsas məqsədi əhalinin vaxt itirmədən öz yaşadıqları ərazilərdə müayinə, müalicə olunmasıdır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər və aksiyaların sayı daim artır. Aksiya və tədbirlərin əsas məqsədi görmə problemi olan insanların erkən müayinə və müalicə olaraq öz sağlamlıqlarını geri qaytarmaqdır.
Həmçinin qeyd edək ki, Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olurlar. Səyyar klinikanın fəaliyyətini daha da genişləndirmək üçün 2018-ci ildən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası da fəaliyyətə başlayıb.

Cəmiyyət 2024-05-09 11:17:00