×
A
A
A
Sazlamalar

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının nümayəndə heyətləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Tahir Budaqov Azərbaycanın istər Vyetnam, istərsə də Laosla xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd edib. Xalqlarımız arasındakı münasibətlərin təməlinin hələ SSRİ dövründə qoyulduğunu diqqətə çatdıran T.Budaqov Vyetnam xalqının öndəri Ho Şi Minin 1959-cu ildə Azərbaycana, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin isə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi 1983-cü ildə Vyetnama səfərinin tarixi əhəmiyyətinə diqqəti cəlb edib.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri vurğulayıb ki, qarşılıqlı səfərlər dövlətlərarası əməkdaşlığın dərinləşməsinə təkan verir. O, 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama dövlət səfərinin, 2015-ci ildə isə Vyetnam Prezidenti Truonq Tan Sanqın Azərbaycana rəsmi səfərinin bu kontekstdə xüsusi önəm daşıdığını bildirib.
Tahir Budaqov qeyd edib ki, YAP-ın Vyetnam Kommunist Partiyası (VKP) və Laos Xalq İnqilab Partiyası (LXİP) ilə əlaqələri möhkəm təməllər üzərində inkişaf etməkdədir. O deyib ki, YAP-ın həm VKP, həm də LXİP ilə imzaladığı əməkdaşlıq sazişindən irəli gələn vəzifələrin icra olunması qarşılıqlı faydalı işbirliyinin inkişafına xidmət edir.
Vyetnam nümayəndə heyətinin rəhbəri, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası sədrinin müavini, Vyetnam Elmlər Akademiyasının eksperti Fam Honq Kuan Azərbaycana yenidən səfər etməkdən son dərəcə məmnun olduqlarını bildirib.
O, dostluq və tərəfdaşlıq əlaqələrinə malik olan Azərbaycan ilə Vyetnam arasında münasibətlərin yüksələn xətlə inkişafının məmnunluq doğurduğunu söyləyib.
Ali təhsilini ölkəmizdə aldığını və Azərbaycan xalqının dost münasibətini daim hiss etdiyini bildirən Fam Honq Kuan respublikamızın uğurlu inkişafını diqqətə çatdırıb. O, səfər çərçivəsində Şuşa və Füzuli şəhərlərini ziyarət etdiklərini və işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinin əyani şahidi olduqlarını deyib.
Laos nümayəndə heyətinin rəhbəri, Laosun energetika və mədənlər nazirinin müavini Sonqfat İntsavonq da Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu ifadə edib. O, səfər çərçivəsində keçirilən görüşlərin ölkələrarası münasibətlərin inkişafına mühüm töhfə olacağını diqqətə çatdırıb.
Sonqfat İntsavonq Azərbaycan ilə Laos arasında müxtəlif sahələrdə mübadilələrin aparılmasının önəmindən danışıb, ölkələrarası əməkdaşlığı dərinləşdirmək üçün geniş potensialın olduğunu söyləyib.
S.İntsavonq Azərbaycanda ali təhsil aldığı illərin onun üçün unudulmaz və əlamətdar olduğunu qeyd edib, ölkəmizin qısa müddət ərzində sürətli inkişaf yolu keçdiyini vurğulayıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər bir sıra məsələlər də müzakirə edilib.
Sonda qonaqlara hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

 

Siyasət 2024-05-08 19:10:00