×
A
A
A
Sazlamalar

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə “Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri” mövzusunda dəyirmi masa keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbirdə institutun direktoru professor Kərim Şükürov Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən danışıb. Professor bildirib ki, istər sərt qadağaların mövcud olduğu SSRİ dönəmində, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi mürəkkəb geosiyasi dövrdə çoxsaylı təhdid və çağırışlarla üzləşməsinə baxmayaraq Ulu Öndər məqsədyönlü, milli dövlətçiliyə əsaslanan prinsipial mövqe tutub, daim ölkəmizin problemlərinin həllinə, inkişafına, yüksəlişinə çalışıb. Ömrünü Vətəninə həsr etmiş Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərini təhlil edən professor Kərim Şükürov müasir dövrdə Azərbaycan tarixçilərinin qarşısında duran bir sıra vəzifələrdən danışıb. İnstitutun direktoru qeyd edib ki, bu gün Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyəti ilə bağlı arxiv sənədlərinin elmi və ictimai dövriyyəyə gətirilməsinə ehtiyac var və bu istiqamətdə tədqiqatların genişlənməsi zəruridir. Professor vurğulayıb ki, Heydər Əliyevin siyasi və dövlətçilik irsi onun fəaliyyəti ilə yanaşı, müsahibələrindən, çıxışlarından, görüşlərindən ibarət çoxcildlik əsərlərində əksini tapır və tarixçilər öz tədqiqatlarında daim Heydər Əliyev irsinə müraciət etməlidirlər.
Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini İlqar Niftəliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixinin ümumdünya tarixi kontekstində tədqiq edilməsinin, aparılan tədqiqatlarda ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və mədəniyyət tarixinin öz əksini tapmasını vacib sayıb. İlqar Niftəliyev bildirib ki, Azərbaycan tarixinin bir sıra dövrlərinin və problemlərinin obyektiv tədqiqinə Heydər Əliyev xüsusi diqqət yetirib və tarixçilər qarşısında bunu bir vəzifə olaraq qoyub.
Dəyirmi masa Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu haqqında çıxışlarla davam edib. Tədbirdə müasir dövrdə Azərbaycan tarixçiləri qarşısında qoyulan elmi tələblər, Heydər Əliyev irsinin dərindən araşdırılması ilə bağlı müzakirələr aparılıb.

Elm və təhsil 2024-05-08 19:01:00