×
A
A
A
Sazlamalar

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Bakı, 8 may, AZƏRTAC

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən artıq ölkəyə ixrac edilib.
İqtisadi Zonaların İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, 2015-ci ildən 2024-ci ilin I rübünün sonunadək sənaye zonalarında 12,7 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 4,1 milyard manatlıq hissəsi ixrac olunub.
Həmçinin cari ilin birinci rübündə sənaye zonalarında 640,3 milyon manatlıq satış həyata keçirilib ki, bunun da 223,6 milyonluq hissəsi ixracın payına düşür. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 14,6 faiz, ixracında isə 28,2 faiz təşkil edib.
2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,79 milyard manat olan 142 sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,7 milyard manatdan çox investisiya yatırılıb və 10500-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manat investisiyanın yatırılması və 6500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

 

 

İqtisadiyyat 2024-05-08 18:48:00