×
A
A
A
Sazlamalar

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

Bakı, 8 may, AZƏRTAC

Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş polis əməkdaşları arasında silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə çempionat keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, çempionatda nazirliyin baş idarələri, eləcə də paytaxt daxil olmaqla respublika üzrə ərazi polis idarə, şöbələri və İdman Cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər yarış iştirakçılarına uğurlar arzulayıblar.
Yarışda nazirliyin zonalar üzrə həmin idman növü üzrə qalıb gəlmiş 86 əməkdaşı 6 çəki dərəcəsində mübarizə aparıb.
Komanda idman növündə Əlahiddə Çevik Polis Alayının əməkdaşları birinci, Daxili Qoşunların Baş İdarəsinin komandası ikinci, Bakı Şəhər Baş Polis İdarəsinin kollektivi isə üçüncü yeri tutub.
Qalib gələn əməkdaşlar medal, diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.


 

Cəmiyyət 2024-05-08 18:48:00