×
A
A
A
Sazlamalar

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bakı, 8 may, AZƏRTAC

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Ulu Öndərin işığında” adlı kitabın təqdimatı keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, şair-publisist Sevindik Nəsiboğlunun “Ulu Öndərin işığında” kitabında Azərbaycan xalqının taleyində müstəsna xidmətləri olan Ümummilli Liderin həyat yolundan, Vətən naminə apardığı mübarizələrdən bəhs olunur.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova bildirib ki, Azərbaycan xalqı yeni əsrə məhz Heydər Əliyevin parlaq zəkasının işığında qədəm qoymuşdur. Bugünkü müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir. Müstəqil Azərbaycanımızı qoruyub saxlamaq hər bir gəncin və hər bir azərbaycanlının vətəndaş vəzifəsidir. Bu baxımdan Heydər Əliyev irsinin təbliğ olunması və gələcək nəsillərə ötürülməsi vacib məsələdir.
Filologiya elmləri doktoru, professor Asif Rüstəmli kitabın gənc müəllifinin Ulu Öndərə olan sonsuz sevgisini qeyd edib. O, gənc müəllifin kitab təqdimatının məhz Respublika Uşaq Kitabxanasında keçirilməsinin əhəmiyyətindən danışaraq, bu cür tədbirlərin istedadlı yeniyetmələrə dəstək olduğunu bildirib. Belə istedadlı gənclər sayəsində gələcəkdə Azərbaycan ədəbiyyatının, poeziyasının, mədəniyyətinin, incəsənətinin daha da inkişaf edəcəyinə əminliyini dilə gətirib.
Təqdimatda çıxış edən digər qonaqlar istedadlı uşaq və yeniyetmələrin üzə çıxarılmasında, məktəblilərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə tədbirlərin təşkilinin əhəmiyyətindən söz açıblar.

 

 

Mədəniyyət 2024-05-08 18:43:00