×
A
A
A
Sazlamalar

Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Bakı, 8 may, AZƏRTAC

Peşəkar Futbol Liqası (PFL) və “YAŞAT” Fondu arasında Anlaşma Memorandumu imzalanıb.
PFL-dən AZƏRTAC-a bildiriblər ki, tərəflər öz səlahiyyətləri daxilində fəaliyyət sahələrinə uyğun olaraq qarşılıqlı faydalı, uzunmüddətli və səmərəli əlaqələrin qurulması, inkişafı üçün əməkdaşlıq etmək və bu istiqamətdə fəaliyyətlərinin koordinasiyası barədə razılığa gəliblər.
Peşəkar Futbol Liqası bu anlaşmaya əsasən, öz bayrağı altında keçirilən oyunlarda (yarışlarda) şəhid övladlarının oyunçularla xüsusi günlərdə (anım günlərində) meydana çıxması, o cümlədən onların iştirakının müxtəlif formada təmin edilməsi, şəhid övladları üçün birgə yay düşərgələrinin təşkili, onların arasında sağlam həyat tərzinin, vətənpərvərliyin təbliği yönündə çalışma öhdəliyi götürüb.
Əməkdaşlığın əsas məqsədi şəhid övladlarına diqqət və qayğının göstərilməsi və artırılması, onlar arasında sağlam həyat tərzinin təbliği istiqamətində birgə fəaliyyətdir.
Memorandumu PFL prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Elgiz Abbasov və “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov imzalayıblar.

İdman 2024-05-08 16:30:00