×
A
A
A
Sazlamalar

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

London, 8 may, AZƏRTAC

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovun “Guardian” qəzetində britaniyalı jurnalist Patrik Vintorun Azərbaycanla bağlı qərəzli məqaləsinə cavab məktubu dərc olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan səfiri məktubunda qeyd edib ki, Azərbaycan və Ermənistanın müstəqillik əldə etməsindən sonra ilk dəfə olaraq, iki ölkə arasında sərhədlərin delimitasiyasına başlamaq üçün çox vacib razılaşma əldə olunub.
Diplomat yazıb ki, bu, beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə təqdir edilən və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən də dəstəklənən bir addımdır: “Müəllif yazıda qeyd etmir ki, bu illər ərzində hərbi əməliyyatların və qeyri-sabitliyin əsas səbəbi Ermənistanın beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin 30 illik qanunsuz işğalı olub. Müəllif hətta Azərbaycanda yerləşən və əvvəllər Ermənistan tərəfindən işğal edilmiş dörd Azərbaycan kəndinin Ermənistan tərəfindən qaytarılmasını da “verilməsi” kimi təqdim edib. Bütün mövcud xəritələr və hətta Ermənistan rəsmiləri tərəfindən də etiraf edildiyi kimi bu, Azərbaycan əraziləridir”,- deyə E.Süleymanov məqalədə qeyd edib.
Səfir vurğulayıb ki, müəllif Ermənistanın regiondan kənarda yeni müttəfiqlər tapmaq üçün əbədi və mənasız axtarışlar aparması ilə bağlı fikirlərində haqlıdır. Davamlı sülh isə yaxın qonşularla münasibətlərdə normallaşmanı tələb edir.
Diplomat bildirib ki, Azərbaycan və Ermənistanın sülh yolunda əldə etdiyi diqqətəlayiq irəliləyişi dəstəkləməyin vaxtı çatıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

 

Siyasət 2024-05-08 02:06:00