×
A
A
A
Sazlamalar

Transdisiplinarlıq strategiyaları ilə bağlı maarifləndirmə seminarı təşkil edilib

Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Tədqiqatçılar arasında transdisiplinarlıq strategiyaları ilə bağlı maarifləndirmə fəaliyyətinin təşkili” layihəsi çərçivəsində Bakı Slavyan Universitetində müəllimlər, gənc alimlər, doktorant və magistrantlar üçün seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə sıxış edən universitetin rektoru Anar Nağıyev layihənin müasir çağırışlardan irəli gəldiyini qeyd edib.
Layihənin rəhbəri, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov layihə iştirakçılarının sayının 1200-ü ötdüyünü bildirib. İlqar Orucov layihənin təkcə elmi tədqiqatçılar üçün deyil, müəllimlər və təhsilalanlar üçün də mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
Seminarda iştirakçılara fənlərarası münasibətlər və yeni biliklər yaradıcılığı üzrə transdisiplinarlıq strategiyaları, yeni biliklər istehsalında metod və vasitələr barədə ətraflı biliklər verilib. İştirakçılar, eyni zamanda, bilik istehsalının yeni üsulu ilə əlaqəli bir sıra xüsusiyyətlər - refleksivlik, transdisiplinarlıq, heterogenlik və onların arasındakı əlaqələr, biliyin sosial münasibətlərdə dəyişən rolu ilə bağlı geniş məlumat əldə ediblər. Tədbirdə bilik istehsalının yeni üsuluna xas olan metodoloji çətinliklər və bunun təhsil-elm siyasəti, beynəlxalq iqtisadi rəqabət, əməkdaşlıq və qloballaşma üçün təsirləri müzakirə olunub.
Müzakirələr şəraitində həyata keçirilən seminarda ekspert iştirakçıların suallarını cavablandırıb. Seminar iştirakçılarına çap məhsulları paylanıb və sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihə 10 ali təhsil müəssisəsində həyata keçirilib.

 

Elm və təhsil 2024-05-07 20:23:00