×
A
A
A
Sazlamalar

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Tbilisi, 7 may, AZƏRTAC

Asiya İnkişaf Bankı (AİB) Asiya ölkələrində əhalinin yaş qrupu, artım tendensiyası, ölüm və doğumu haqqında hesabat hazırlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) Tbilisidə keçirilən 57-ci illik toplantısı çərçivəsində məlumat verilib. Bildirilir ki, Asiya ölkələrində əhali vaxtından əvvəl qocalır. Bu tendensiya Gürcüstanda da qeydə alınıb. Hesabatda deyilir ki, Gürcüstanda ölüm nisbəti artıb, doğum isə azalıb, nəticə etibarilə ölkə əhalisi sürətlə qocalır, gənclərin sayı isə azalır.
Qeyd olunur ki, Asiya və Sakit Okean hövzəsində 60 yaşdan yuxarı vətəndaşların sayı 2050-ci ilə qədər iki dəfə artaraq 1,2 milyarda çatacaq ki, bu da regionun ümumi əhalisinin dörddəbirini təşkil edəcək. Əhalinin vaxtından əvvəl qocalması pensiyalara, sosial təminat proqramlarına və səhiyyə xidmətlərinə tələbatı əhəmiyyətli dərəcədə artıracaq. Lakin region dövlətləri yaranan çətinliklərin öhdəsindən gəlməyə hazır deyil. Aşağı pensiya, sağlamlıq problemləri, sosial təcrid və tibbi xidmətlərə çıxışın məhdudluğu əsas problemlər sırasındadır.
Gürcüstana gəlincə, hesabatın müəlliflərindən biri Aiko Kikava bildirir ki, ölkə üçün mühüm çağırış səhiyyə sektoru və xəstəliklərlə effektiv mübarizədir. Onun sözlərinə görə, Gürcüstanın bu istiqamətdə fəaliyyətini gücləndirməsi çox vacibdir. O, həmçinin qeyd edib ki, tütün və spirt istehlakı ölkə əhalisinin sağlamlığı üçün ən öndə duran problemlərdəndir.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2024-05-07 20:08:00