×
A
A
A
Sazlamalar

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Bakı, 7 may, AZƏRTAC

Dövlət tibb müəssisələri arasında ilk dəfə olaraq Kliniki Tibbi Mərkəzdə (KTM) epileptik ocaqların aşkarlanması və onun beyindən xaric edilməsi üzrə ağır cərrahi əməliyyat icra olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən AZƏRTAC-a verilən məlumata görə, Mərkəzin Neyrocərrahiyyə şöbəsinin müdiri, uzman neyrocərrah Fərid Qaralov və uzman neyrocərrah Nicat Bayramlı və assistent, Neyrocərrahiyyə şöbəsinin həkim-rezidenti Elşən Əhmədlinin iştirakı ilə aparılan əməliyyat uğurla başa çatıb. Xəstə üzərində sol tərəfli anterior temporal lobektomiya və amiqdalohipokampektomiya cərrahi əməliyyat 3 saat davam edib və müsbət nəticə əldə olunub.
Əməliyyatdan sonra xəstədə nevroloji defisitsiz və postop dövrdə epileptik tutma qeyd olunmayıb. Xəstə nevroloqun nəzarəti altında ambulator müalicə üçün evə buraxılıb.
Məlumat üçün bildirək ki, indiyədək bu əməliyyat, əsasən, xaricdə və qismən bəzi özəl tibb müəssisələrində aparılıb. Epileptik ocaqların aşkarlanması, onun beyindən xaric olunması əməliyyatının Kliniki Tibbi Mərkəzdə aparılması onu başqa xəstələr üçün də əlçatan edəcək.
Qeyd edək ki,16 yaşlı Sayıl Allahverdiyev uzun zaman hər gün çoxsaylı epileptik qıcolma şikayəti ilə əlaqədar Mərkəzə müraciət edib.
İkili yüksək doza antiepileptik dərman içməsinə baxmayaraq, nəticə əldə olunmayıb. Çəkilən MRT müayinəsi zamanı xəstədə sol Mezial temporal skleroz (MTS) aşkarlanıb. EEG müayinəsi ilə diaqnoz təsdiqlənib.
Qeyd edək ki, epilepsiya doğuş zamanı və ya doğuşdan sonra hər hansı səbəbdən beyni zədələnməsi zamanı yaranır. Anidən baş verən epileptik tutmalar beynin müəyyən və ya bütün hissəsinə yayılır. Dərman terapiyası əksər xəstələrdə təsirli olsa da, bəzi xəstələrdə gözlənilən nəticəni vermir və epilepsiyaya səbəb olan əsas vəziyyətə görə həmin xəstələrə cərrahi müdaxilə tətbiq edilir.

Cəmiyyət 2024-05-07 12:25:00