×
A
A
A
Sazlamalar

Gədəbəy, Şəmkir və Gəncədə Ağsaqqallar şuralarının hesabat konfransları keçirilib

Bakı, 6 may, AZƏRTAC

Şəhər və rayon Ağsaqqallar şuralarında təşkilatların son dövrdəki fəaliyyətləri ilə bağlı hesabat konfranslarının keçirilməsi davam edir.
AZƏRTAC xəbər verir ki, növbəti konfranslar Gədəbəy, Şəmkir və Gəncədə təşkil olunub.
Toplantılarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov, şəhər və rayon rəhbərləri, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, qazilər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.
Konfranslarda şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra çıxış edən rayon və şəhər icra hakimiyyətlərinin rəhbərləri ölkəmizin ictimai-mədəni həyatında ağsaqqalların göstərdikləri dəyərli xidmətlərdən bəhs ediblər.
Sonra Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədovun, Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədovun və Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədovun hesabat dövrü ərzində təşkilatların gördüyü işlər və qarşıda duran vəzifələr barədə məruzələri dinlənilib.
Ağsaqqallıq institutunun qədim tarixindən bəhs edən Bayram Yusifov hazırda ölkəmizdə ağsaqqalların böyük nüfuz və hörmət sahibi olduqlarını vurğulayıb. Bu il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində bir daha bunun şahidi olduğumuzu bildirən B.Yusifov əlavə edib ki, Şuranın ölkəmizin 77 şəhər və rayonunda fəaliyyət göstərən yerli təşkilatlarının minlərlə üzvü bu seçkilərlə bağlı təbliğat-təşviqat, həmçinin səsvermə prosesində fəal iştirak ediblər.
O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı möhtəşəm Zəfər nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən də ətraflı söz açıb. Bildirib ki, fenomen şəxsiyyət, dahi lider, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın göstərdikləri yüksək səylər sayəsində Qarabağımızla yanaşı, Vətənimizin hər bir guşəsi gündən-günə daha da gözəlləşir və inkişaf edir.
Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsində Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılığın əldə olunmasından və digər uğurlardan da danışan Bayram Yusifov bildirib ki, ən mötəbər beynəlxalq tədbirlərdən biri olan COP29-un bir neçə ay sonra Bakıda keçirilməsi Azərbaycanın dünya ölkələri arasında böyük nüfuza sahib olduğunu bir daha təsdiqləyir. O, COP29-la bağlı Azərbaycan Ağsaqqallar Şurasının da yaxın zamanlarda böyük tədbir keçirəcəyini diqqətə çatdırıb.
Şəmkir rayonunda və Gəncə şəhərində keçirilən hesabat konfranslarında bəzi təşkilati məsələlərə də baxılıb. Dünyasını dəyişən və xəstəlikləri səbəbindən fəaliyyətlərini davam etdirə bilməyən İdarə Heyəti üzvlərinin yerinə səsvermə yolu ilə yeniləri seçilib.

Cəmiyyət 2024-05-06 18:28:00