×
A
A
A
Sazlamalar

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və “Bakcell” mobil rabitə şirkəti arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti departamentindən AZƏRTAC-a bildiriblər ki, dövlət komitəsi sədrinin müavini Fuad Hüseynovun və “Bakcell” şirkətinin satış direktoru Həmid İmanovun imzaladıqları Memoranduma əsasən, respublikamızda telekommunikasiya xidmətləri sahəsində çoxillik təcrübəsi olan mobil şəbəkə operatoru Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlərə dəstək göstərir.
Bu ilin aprel ayından etibarən “Bakcell” doğma yurda qayıdan keçmiş məcburi köçkünlərə Sim-kartlar hədiyyə verərək onlara ödənişsiz xidmətlərdən yararlanmaları sahəsində yeni tarif paketləri təqdim edir. Belə ki, 2 AZN xidmət haqqı ödəməklə bu kompaniyadan yararlanan keçmiş məcburi köçkünlər öz aralarında pulsuz danışmaq imkanı əldə edirlər.
Qeyd edək ki, Sim-kartların işğaldan azad edilmiş ərazilərə qayıtmış və qayıdacaq ailələrin razılığı ilə hər birinə təqdim olunması nəzərdə tutulur.
İlkin mərhələdə Füzuli şəhərinə və Laçın rayonunun Zabux kəndinə köçürülmüş, o cümlədən daha əvvəl doğma yurda qayıdan 1100-dən çox ailəyə ödənişsiz nömrələrin paylanması prosesi həyata keçirilib və davam etdirilir. İlkin olaraq hər bir ailəyə 2 ədəd Sim-kart təqdim edilib. Sonradan bu Sim-kartların sayının həmin ailələrin istəyi ilə (5 ədəd nömrəyədək) artırılması planlaşdırılır.

İqtisadiyyat 2024-05-06 18:02:00