×
A
A
A
Sazlamalar

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Bakı, 6 may, AZƏRTAC

Çin Xalq Respublikasının Sədri Si Cinpin Fransadan başlayan Avropa turunu Avropa İttifaqı (Aİ) ilə münasibətlərin, xüsusən ticari əlaqələrin perspektivləri baxımından ümidverici adlandırıb.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, Çinin lideri beş ildən sonra Avropaya ilk səfərində Aİ ilə münasibətlərdə yaxşılaşmanı alqışladığını deyib. O, eyni zamanda, ucuz Çin elektrik avtomobillərinin Avropa bazarına girməsi qorxusu ilə Brüssellə gözlənilən ticarət müharibəsinin qarşısını almağa çalışacaq.
Qərb, həmçinin Çini Rusiya ordusu üçün texnologiya və avadanlıq təmin etməklə Vladimir Putinə Ukraynada müharibə aparmağa kömək etməkdə ittiham edir. Hər iki məsələ Vaşinqtonun son həftələrdə ona etdiyi xəbərdarlıq sözləri ilə üst-üstə düşür, lakin Si Cinpin bu iddialarla razılaşmır. Qərb politoloqu BBC telekanalına bildirib ki, Çin lideri fransızlara qalib gəlməyə və ABŞ-dan gələn hər hansı iddialara qarşı çıxmaq üçün Çinin Avropadakı təsirini gücləndirməyə çalışır.
Si Cinpin Fransaya səfəri zamanı Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen ilə də görüşəcək. Brüsselin Çindən texnologiya asılılığını azaltmaq çağırışları fonunda baş tutacaq bu danışıqların da gərgin olacağı gözlənilir. Həftənin sonunda isə Si Cinpin Çin sərmayəsini cəlb edən Moskvanın müttəfiqləri olan Serbiya və Macarıstanda görüşlər keçirəcək.
Analitiklər qeyd edirlər ki, bu ayın sonunda Rusiya Prezidenti Vladimir Putinin Pekinə səfəri ərəfəsində Si Cinpinin bu gün Parisdə fransalı həmkarı Makronla görüşü böyük maraq doğurur. Qərb Pekinin Moskvaya hərbi texnika istehsalı üçün yardım etdiyini iddia edir, Çin XİN isə dəfələrlə bunu təkzib edərək bildirib ki, Rusiya ilə ticari-iqtisadi əlaqələri inkişaf etdirmək onun suveren hüququdur.
Çinin Fransadakı səfiri Si Cinpinin səfəri ərəfəsində qeyd edib ki, Qərbin anti-Çin təbliğatına müqavimət göstərmək üçün Makronun üzərində qalib gəlmək vacibdir.
Çin lideri Fransanın “Le Figaro” qəzeti üçün rəy köşə yazısı yazıb və bildirib ki, o, Parisə üç mesajla gəlir: Pekin Fransa ilə münasibətlərində yeni səhifə açmağa hazırdır; Avropaya daha geniş açılmaq niyyətindədir və dünyada sülhün və sabitliyin təmin edilməsinə sanballı töhfə vermək istəyir.

 

Dünya 2024-05-06 15:51:00