×
A
A
A
Sazlamalar

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bakı, 6 may, AZƏRTAC

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kuboku davam edir.
Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, bu gün kişilərin və qadınların pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma növündə final görüşləri keçirilib. Bütün medallar Çin və Koreyadan olan atıcıların aktivinə yazılıb.
Kişilərin mübarizəsində “Tokio-2020” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Lihao Şenq bütün rəqiblərini üstələyib. 19 yaşlı atlet 251.8 xalla aktivinə növbəti qızıl medalı yazdırıb. Gümüş medala da Çindən olan atlet sahib olub. Linsu Du 251.4 xalla ikinci yeri tutub. Koreyanı təmsil edən Hajun Park 3-cü yerlə kifayətlənib.
Eyni növdə qadınların yarışında 2022-ci ildə Bakıda komanda növündə qızıl medal əldə etmiş Jihyeon Keum 253.4 xalla yenidən fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 252.3 xal yığan çinlı atıcı Zifei Vanq 2-ci, onun həmyerlisi Jiayu Han ( 231.1 xal) isə 3-cü yeri tutub.
Mükafatlandırma mərasimindən sonra Jihyeon Keum fikirlərini dilə gətirib: “Qızıl medal qazandığıma görə hədsiz sevincliyəm. Sona yaxın rəqiblərimin hər ikisi Çindən olsa da, mən onları düşünmürdüm. Bütün diqqətimi atış meydanına yönəltmişdim. Medalları Koreya və Çin atıcıları qazandı. Bunun başlıca səbəbi təlimlər və yarışlar zamanı diqqətimizi atış nöqtəsinə lazımınca kökləməyimizdir. Koreyadakı məşqlərdə zallarda eyni buradakı mənzərə yaradılır ki, özümüzü rəsmi yarışlarda hiss edək. Bunun da müəyyən rolu var”.
24 yaşlı atlet ölkəmizdə gördüklərindən məmnunluğunu gizlətməyib: “Üçüncü dəfədir Bakıdayam. Səmimi deyirəm, Bakı indiyə qədər səfər etdiyim şəhərlər arasında ən yaxşılardandır. Bakı Atıcılıq Mərkəzi də mənim üçün rahatdır. Mərkəz çox yaxşı inşa olunub, bütün detallar nəzərə alınıb”.
Qeyd edək ki, mayın 1-də start götürən yarışa 12-də yekun vurulacaq.

 

İdman 2024-05-06 13:47:00