×
A
A
A
Sazlamalar

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Bakı, 6 may, AZƏRTAC

Mingəçevir şəhərində “YAŞAT” Fondunun, “ASAN xidmət”in, “İnnovasiyalar Mərkəzi”nin, “Bilim Bakı” Mərkəzinin birgə təşkilatçılığı, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə “Bilimdən Zəfərə” layihəsi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihə Mingəçevir, Tərtər, Ağdaş, Bərdə, Goranboy, Göyçay, Kürdəmir, Ucar, Yevlax rayonundan olan 6-14 yaş arasındakı 70-ə yaxın şəhid övladını əhatə edib. İştirakçılara riyaziyyat, dizayn, təbiət elmləri, texnologiya, astronomiya sahəsində müxtəlif təlimlər, ustad dərsləri keçirilib, proseslərin vizual izahı üçün müşahidələr və təcrübələr aparılıb. Həmçinin maarifləndirici, intellektual oyunlar reallaşdırılıb, “Bilim şou” nümayiş etdirilib.
Məqsəd uşaqların elmə, innovasiyaya və texnologiyaya marağını artırmaq, elmi hadisələrin təcrübədə necə işlədiyini müşahidə etmələrinə imkan yaratmaqdır. Eləcə də onların istirahət günlərinin səmərəli təşkili və dostluq əlaqələrinin möhkəmləndirilməsi əsas hədəflərdəndir.
Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.
“YAŞAT” Fondu tərəfindən mütəmadi olaraq maarifləndirici layihələrin icrası nəzərdə tutulur.
Layihənin media dəstəyi “ASAN TV” və “ASAN Radio”dur.

 

Cəmiyyət 2024-05-06 13:24:00