×
A
A
A
Sazlamalar

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bakı, 4 may, AZƏRTAC

Mayın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfəri çərçivəsində Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan-Pakistan tərəfdaşlıq əlaqələrinin dinamikasından məmnunluq ifadə olunub, dövlət və hökumət nümayəndələrinin qarşılıqlı yüksək səviyyəli səfər və təmaslarının bu əlaqələrin inkişafına xüsusi təkan verdiyi bildirilib.
Azərbaycan-Pakistan strateji tərəfdaşlığı fonunda ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün böyük potensialın mövcud olduğu vurğulanıb.
Azərbaycanın bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi çoxtərəfli təsisatlar çərçivəsində Pakistan ilə qarşılıqlı faydalı əməkdaşlıq və dəstəyə önəm verdiyi bildirilib.
Cari ildə ölkəmizin ev sahibliyi edəcəyi COP29-un yaşıl enerji sahəsində Azərbaycan-Pakistan tərəfdaşlığı üçün əlavə imkanlar yaratdığı diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Siyasət 2024-05-04 22:30:00