×
A
A
A
Sazlamalar

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Mayın 3 -də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı, rəsmi tərəfdaş Türkiyənin “Florence Nightingale” Xəstəxanalar Qrupu və Naxçıvan Baş Gömrük İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş “Naxçıvan sağlamlıq günləri” çərçivəsində Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib.

Tədbirdən öncə qonaqlar Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin sərgi salonunda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan sərgiyə baxıblar. Konfrans Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tədbir iştirakçılarını salamlayaraq, “Naxçıvan sağlamlıq günləri” çərçivəsində keçirilən silsilə tədbirlərin baş tutmasına görə Naxçıvan Baş Gömrük İdarəsinə, Naxçıvan Səhiyyə Nazirliyinə, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinə öz təşəkkürünü bildirib. Rektor Elbrus İsayev muxtar respublikada ali təhsilin formalaşması və inkişafında Ulu Öndər Heydər Əliyevin xüsusi xidmətlərini diqqətə çatdırıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosiali-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət proqramında” universitet ali təhsilin inkişafı üçün xüsusi maddələrin olmasını ali təhsilə göstərilən xüsusi diqqətin bariz nümunəsi hesab edib.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov çıxışında Ulu Öndər Heydər Əliyevin ad günü ərəfəsində və onun doğma Vətənində belə bir tədbirin keçirilməsinin böyük əhəmiyyətindən danışıb.
“Mərkəzi Gömrük Hospitalı ən ağır xəstələr üçün həyatda qalmağın son çıxış yolu olan orqan və toxuma transplantasiyası sahəsində öndədir. Biz hər zaman çalışmışıq ki, bu sahədə ölkədə baş verən proseslərə, islahatlara, eləcə də bu sahənin digər tibb müəssisələrində də inkişafına dəstək olmaq məqsədilə müntəzəm olaraq orqan transplantasiyasına aid konfranslar, seminarlar, vebinarlar keçirək. Ölkəmizdə orqan transplantasiyası sahəsində qəbul olunmuş qanuna əsasən orqan transplantasiyası əməliyyatları zamanı meyit orqanlarından istifadə etmək mümkündür. Bunun üçün isə düzgün beyin ölümü diaqnozunun təyini zəruridir. Bugünkü konfransımızda bütün bu məsələlər müzakirə olunacaq və ümid edirəm ki, tədbir iştirakçıları üçün çox faydalı və maraqlı olacaq”, - deyə Ceyhun Məmmədov bildirib.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, t.e.d., Əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov çıxışında bildirib ki, hər bir cəmiyyəti irəliyə aparan onun baxışıdır, düşüncəsidir, gələcəyə bağlı olan strategiyasıdır.
““Naxçıvan sağlamlıq günləri” çərçivəsində həyata keçirilən tədbirlərdən sonra Naxçıvan Dövlət Universiteti ilə birlikdə Naxçıvanın səhiyyə həyatında bundan sonra da gözəl işlər görmək üçün bizə gözəl fürsətlər yaradılır. Düşünürəm ki, təmsil etdiyim qurumun bütün işçiləri bütün enerjilərindən sonuna qədər istifadə edəcəklər”, - deyə Rəşad Mahmudov bildirib.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, t.e.d., Əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudovun və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin sədri, t.ü.f.d. Zəhra Vəzirovanın moderatorluğu ilə keçirilən konfransda Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d., ümumi cərrah, transplantoloq Dr.Mircəlal Kazımi “Beyin ölümü diaqnozunun klinik əhəmiyyəti”, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d. Dr.Yeganə Abbasova “Beyin ölümünün diaqnostikası və təsdiq metodları”, Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman radioloq Dr.Eldəniz Hüseynov “Beyin ölümü diaqnozunun təyinində instrumental diaqnostik müayinələrin yeri”, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d Dr.Yeganə Abbasova “Beyin ölümündən sonra donor namizədlərin reanimasiya şöbəsində menecmenti” mövzularında çıxış ediblər.
Konfransın bağlanış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev Azərbaycanda meyitdən orqan transplantasiyası əməliyyatlarından danışıb, bildirib ki, gələcəkdə bu cür əməliyyatlar həyata keçiriləcək və ola bilər ki, ilk əməliyyat elə Naxçıvanda icra edilsin: “Mən bu gün burada Naxçıvan Dövlət Universitetinin müəllimlərini, çoxlu tələbələri görürəm və hesab edirəm ki, bugünkü konfrans tədris prosesinə çox böyük təkan verəcək. Burada verilən müasir, bu günümüzə uyğun biliklər həm tələbələr, həm rezidentlər üçün, həm də müəllimlər üçün çox faydalı oldu”.
Çıxışının sonunda İsmayıl Əfəndiyev konfransın təşkilatçılarına minnətdarlığını bildirib.
Konfrans xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

Cəmiyyət 2024-05-04 18:13:00