×
A
A
A
Sazlamalar

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Bakı, 4 may, AZƏRTAC

Bu gün Özbəkistanın paytaxtında MDB ölkələri könüllülərinin Beynəlxalq Forumu başlayıb. AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək tədbir “Daşkənd – MDB-nin Gənclər paytaxtı” proqramı çərçivəsində təşkil edilib. Daşkənd şəhərinin bu fəxri ada layiq görülməsi barədə qərar 2023-cü ildə MDB Hökumət Başçıları Şurasının iclasında qəbul edilib.
AZƏRTAC xəbər verir ki, MDB ölkələrindən olan könüllülər hərəkatının 100-dən çox nümayəndəsi könüllülük fəaliyyətinin artırılması, könüllülük hərəkatının inkişafına ictimaiyyətin diqqətinin cəlb edilməsi, effektiv könüllü modelləri və texnologiyalarının uğurlu təcrübəsinin yayılması üçün şəraitin yaradılması və Birlik ölkələrinin gəncləri arasında ictimai fəal mövqenin inkişaf etdirilməsi məsələlərini müzakirə edəcək. Forumun proqramına dəyirmi masalar, müzakirə platformaları, ustad dərsləri və seminarlar daxildir. Tədbir iştirakçıları strateji sessiyalar keçirəcək və fləş-mob təşkil edəcəklər.
Forumun mühüm mövzusu inklüzivlik və maneəsiz yaşayış sahəsi, o cümlədən turizm sektoru ilə bağlı məsələlər olacaq. Tədbirdə sağlamlıq imkanları məhdud uşaq və gənclərin fəal həyat mövqeyinə marağını artırmaq məqsədi daşıyan motivasiya görüşləri və videomüsahibələr keçiriləcək. Forum zamanı ixtisaslaşdırılmış internat məktəblərinin və uşaq evlərinin uşaqlarının 500-dən çox əsərinin təqdim olunacağı xeyriyyə yarmarkası da keçiriləcək. Bunların arasında rəsmlər, açıqcalar, yumşaq oyuncaqlar, qızıl tikmə, muncuq işi, tikmə, zərgərlik və sairə var.
Könüllülük fəaliyyətinin digər mühüm sahəsi ekoloji məsuliyyət, ekosistemlərin qorunması və təbiətə hörmət haqqında biliklərin təşviqidir.
Tədbir MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə Özbəkistan Könüllülər Assosiasiyası tərəfindən təşkil olunub.

 

Dünya 2024-05-04 14:12:00