×
A
A
A
Sazlamalar

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Şəki, 4 may, Mustafa Dadaşov, AZƏRTAC

Şəkidə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “ArchiVision WeekEND Camp” təşkil olunub. Mayın 5-dək davam edəcək “camp”da AzMİU-nun Dizayn fakültəsinin 90 tələbəsi Şəki şəhərinin tarixi-memarlıq abidələri ilə tanış olacaq, müxtəlif əyləncə proqramlarında iştirak edəcək, panel müzakirə və vörkşoplara (dizayn sərgisi) qatılacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində reallaşan “camp”ın ikinci günündə, mayın 4-də panel müzakirələr və vörkşop təşkil olunub. Panel müzakirələrin spikerləri AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və gənclər və idman nazirinin müavini İndira Hacıyeva olub.
Gülçöhrə Məmmədova Azərbaycan memarlığı, dizayn mühitinin formalaşdırılması, tarixi abidələrin mühafizəsi və digər məsələlərdən danışıb. İndira Hacıyeva isə ölkəmizdə aparılan gənclər siyasəti, bu siyasətin gənclərin fərdi və komanda şəklində inkişafına müsbət təsirindən bəhs edib.
Spikerlər tələbələrin suallarını cavablandırıblar.
Sonra AzMİU tələbələrinin hazırladığı dizayn layihələrinin maketlərinə baxış keçirilib. Tələbələr rektora və nazir müavininə layihələr haqqında məlumat veriblər.
Qeyd edək ki, “camp”ın ilk günündə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra proqrama uyğun olaraq iştirakçılar üçün master-klaslar və vörkşoplar təşkil olunub. Dizayn fakültəsinin dekanı Fərid Kərimovun apardığı master-klaslar “Bildiyimiz və bilmədiyimiz memarlıq”, “İctimai məkanda inklüzivlik tədbirlərinin keçirilməsi ilə müyəssər mühit modelinin yaradılması” mövzularına, Əsmər Məmmədovanın təqdimatında vörkşoplar “Müxtəlif həndəsi fiqurlardan hazırlanmış Abstrakt instalyasiya”, “Şəhər mühitinin təşkilində iştirak edəcək binaların fasad görünüşlərinin maketi” mövzularına həsr olunub.
“Camp”da, həmçinin iştirakçılar fasilələr zamanı AzMİU Tələbə Gənclər Təşkilatının üzvləri ilə birgə tanışlıq və şəbəkələşmə oyunları oynayıb, idman növləri üzrə (futbol, tenis, voleybol, üzgüçülük, stolüstü tenis) aktiv fəaliyyətə cəlb ediliblər.

 

Regionlar 2024-05-04 14:03:00

Video