×
A
A
A
Sazlamalar

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Berlin, 3 may, AZƏRTAC

Berlində “Diehl Metal Applications” metal emalı müəssisəsinin binası yanıb. Şəhəri qismən zəhərli tüstü buludları bürüyüb. AZƏRTAC xəbər verir ki, bu barədə “Alman dalğası” agentliyi bildirir.
Yanğın ikinci mərtəbədəki texniki otaqda başlayıb, daha sonra isə alov Almaniya paytaxtının cənub-qərbində yerləşən Lixterfeld bölgəsindəki binanı bürüyüb, bu tikili qismən çöküb.
Müəssisədə kimyəvi maddələrin saxlandığı və emal edildiyi üçün yanğın ərazisində təhlükəli tüstü buludu müşahidə edilir, - deyə Berlin yanğınsöndürmə xidmətinin nümayəndəsi bildirib. Onun sözlərinə görə, qəza yerində 180 yanğınsöndürən işləyir, lakin onlar sianid turşusunun yaranmasına yol verməmək üçün alovu yalnız kənardan köpük vasitəsilə söndürə bilirlər.
Yanğınsöndürmə xidməti şəhərin şimal tərəfinə doğru yayılan zəhərli tüstü ilə bağlı əhalini xəbərdar edir. Berlin sakinlərindən küçəyə çıxmamaq, pəncərə və qapıları isə bağlı saxlamaq xahiş olunur.
Bəzi mətbuat orqanları xəbər veriblər ki, “Diehl” şirkəti “IRIS-T” hava hücumundan müdafiə sistemləri istehsal edir. Lakin müdafiə sahəsində fəaliyyət göstərən şirkətin “Diehl Defence” bölməsi ölkənin cənubunda yerləşir. Yanğın isə cərəyan keçirən materialların işlənib hazırlanması ilə məşğul olan “Diehl Metall” bölməsinin müəssisəsində baş verib.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2024-05-04 10:55:00