×
A
A
A
Sazlamalar

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi bir sıra tədbirlərlə qeyd ediləcək

Bakı, 3 may, AZƏRTAC

Mayın 3-də Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin iclası keçirilib.
İttifaqdan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə cari ilin noyabr-aprel ayları ərzində keçirilən tədbirlərdən, İttifaqın üzvü olan bəstəkar və musiqişünasların geniş fəaliyyətindən danışıb.
Firəngiz Əlizadə musiqi həyatımızla bağlı özünün ətraflı çıxışında Azərbaycan Bəstəkarlar İttifaqının yaranmasının 90 illiyini də xüsusi vurğulayıb. Bir çox tədbirlərin məhz 90 illiklə bağlı olduğunu qeyd edib. Bu yubiley ilə əlaqədar növbəti tədbirlər haqqında da İdarə Heyətinin üzvlərinə məlumat verdi. Belə ki, mayın 15-dən 20-dək “Gənc bəstəkar və musiqişünasların” Plenumunun keçirilməsini qeyd edib. Həmin Plenumun proqramına əsasən mayın 15-də gənc bəstəkarların Kamera-instrumental əsərləri, mayın 16-da gənc musiqişünasların elmi konfransı, mayın17-də Azərbaycan Dövlət Filarmoniyasında gənc bəstəkarların simfonik əsərlərinin ifası və mayın 20-də Plenumun nəticələri ilə bağlı dəyirmi masanın keçirilməsi nəzərdə tutulub.
Firəngiz xanım Azərbaycan Bəstəkarlar İttifaqının bölgələrimizdə fəaliyyət göstərən bölmələri barədə də danışıb, 90 illik yubileylə əlaqədar olaraq Gəncə şəhərində keçiriləcək tədbirlərdən də söhbət açıb. Qeyd edib ki, uzun illərdir Bəstəkarlar İttifaqının Gəncə bölməsi fəaliyyət göstərir və orada İttifaqın üzvü olan bir neçə bəstəkar və musiqişünas çalışır. “Azərbaycan Bəstəkarlar İttifaqı – 90” silsiləsindən növbəti tədbirin iyunun 15-17-də F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçiriləcək. Bu səyyar Plenum proqramına opera, simfonik, kamera-instrumental əsərlər, ziyalılarla görüşlər daxildir.
Sonra İdarə Heyətinin üzvləri çıxış edərək keçirilən tədbirlər və nəzərdə tutulan planlar barədə öz fikir və mülahizələrini bildirdilər.

Mədəniyyət 2024-05-03 17:45:00