×
A
A
A
Sazlamalar

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi

Bakı, 3 may, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində “Ruhumuzun səsi” adlı konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, musiqili gecə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollecin təşkilatçılığı ilə keçirilib.
Kollecin direktoru, musiqişünas Nərmin Qaralova bildirib ki, sözügedən təhsil müəssisəsinin yaradıcı heyəti hər zaman tematik konsert proqramları ilə izləyicilərin görüşünə gəlib: “Bu dəfə isə tamam fərqli bir musiqili gecənin şahidi olacağıq. Çünki həmişəki tədris proqramından bir qədər kənara çıxmışıq. Çalışmışıq ki, klassik, ənənəvi və milli musiqini sintez edərək ifaçılarımızın ruhlarının dərinliklərindən gələn səsi dinləyiciyə çatdıraq. Təbii, əsas məqsədimiz isə bura gələn hər kəsin qəlbinin musiqisini ifa etməklə zala toplaşanlara daxili bir hüzur bəxş edə bilməkdi. Qoy, bu gecə ifa edilən nəğmələr bizi dünəndə qalanlardan, gündəlik qayğılardan, rəqəmsal dünyadan bir saatlıq da olsa uzaqlaşdırıb, öz-özümüzlə baş-başa qalmağımıza kömək olsun. Bir sözlə, bu axşam ruhumuzun səsini birlikdə dinləyək.”
Tədbirdə kollecin müəllim və tələbələrinin ifasında "Bu dünya", "Mən sənin yanına qışda gələrdim", "Məhəbbət", "Etməzmidim", "Sən uzaq yaşıl ada", "İncə bellim", "Məhəbbət", "Bura Vətəndir", "You are the reason", "Almost is never enough", "Flamenco" və s. kimi Azərbaycan və xarici bəstəkarların seçilmiş əsərləri, ənənəvi musiqi səsləndirilib.
Layihə çərçivəsində həm də Humanitar Kollecin "Dekorativ - tətbiqi incəsənət" və "Təsviri sənət" fakültəsinin tələblərinin yaradıcı işlərindən ibarət sərgi nümayiş olunub.

Mədəniyyət 2024-05-03 11:56:00