Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür
Bakı, 30 aprel, AZƏRTAC
Aprelin 30-da ölkəmizin müdafiə qüvvələri sırasında özünəməxsus yeri olan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılması günüdür.
AZƏRTAC xəbər verir ki, Xüsusi Təyinatlı Qüvvələr 1999-cu ildə yaradılıb və onun formalaşmasında Birinci Qarabağ müharibəsində iştirak edən zabit və gizirlərin xüsusi rolu olub.
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında Türkiyə Silahlı Qüvvələri və onun Xüsusi Təyinatlı Qüvvələrinin müstəsna rolunu da ayrıca qeyd etmək lazımdır.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən vahid komandanlıq altında birləşdirilən Azərbaycan Ordusunun həmin bölmələri Türkiyə Silahlı Qüvvələri və onun Xüsusi Təyinatlı Qüvvələri ilə sıx əməkdaşlıqla formalaşdırılıb. Xüsusi Təyinatlı Qüvvələrin üzvü seçilmək hüququ hər adama nəsib olmur. Bunun üçün ağır təlimlər, hərbi imtahanlar, iradə nümayişi çox vacib şərtlərdəndir. Həmin qüvvələrin üzvlərinə əlbəyaxa döyüş, dərin kəşfiyyat, düşmən arxasına keçmə, həyatda qalma, mühəndis, atəş, psixoloji, desant, dalğıc, tibbi, asimmetrik döyüş və sair kimi hazırlıqlar üzrə təlimlər keçirilir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xüsusi təyinatlı qüvvələrə yüksək diqqət yetirir. Azərbaycan xüsusi təyinatlıları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib və dəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda fərqləniblər. 2016-cı ilin aprelində baş vermiş döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin bölmələri iştirak ediblər. Döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində də Xüsusi Təyinatlı Qüvvələr böyük şücaət göstəriblər. Onlar torpaqlarımızın düşmən tapdağından azad edilməsində Azərbaycan hərb tarixinə yeni qəhrəmanlıq səhifələri yazdılar. Ən mühüm əməliyyatların, ilk növbədə, Şuşa əməliyyatının keçirilməsində həmin qüvvələrin döyüşçüləri həlledici rol oynadılar. Həmin əməliyyat zamanı peşəkarlıqla yanaşı cəsurluq, fədakarlıq, ölümü göz önünə alaraq düşmənin üzərinə şığıma həlledici amillərdən idi. Onların qayalara dırmaşaraq zirehli texnika və hərb maşınlarından, müasir döyüş silahlarından istifadə etmədən Şuşa şəhərini işğaldan azad etməsi dünya hərb tarixinə düşüb. Xüsusi Təyinatlı Qüvvələrin əsgər və zabitləri döyüş tapşırıqlarını uğurla yerinə yetirdiklərinə görə dövlət başçısının müvafiq sərəncamları ilə “Azərbaycanın Milli Qəhrəmanı”, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adlarına layiq görülüb, müxtəlif orden və medallarla təltif olunublar.
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silah, döyüş vasitələri və texnikaya malikdir.
Azərbaycan Beynəlxalq Hərbi İdman Şurasının 79-cu Baş Assambleyasında təmsil olunub
Müdafiə Nazirliyi: Mayda 254 hektardan çox ərazi minalardan tam təmizlənib VİDEO
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir