×
A
A
A
Sazlamalar

Mingəçevir “Prezident Kuboku-2024” beynəlxalq reqatasına hazırdır

Bakı, 30 aprel, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin 101-ci il dönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2024” beynəlxalq reqatasının başlamasına bir gün qalıb.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışın təşkilati işləri artıq başa çatıb. Mingəçevir şəhəri ənənəvi reqataya hazırdır. Şəhərin mərkəzi küçələri reqatada iştirak edəcək ölkələrin bayraqları ilə bəzədilib, lazımi təmizlik-abadlıq işləri aparılıb. Sakinlər hər il təşkil edilən “Prezident Kuboku”nun şəhərdə əsl bayram ab-havası yaratdığını deyir. Ölkəmizdə avarçəkmə idmanının vətəni sayılan Mingəçevirdə hər kəs yarışların başlamasını gözləyir.
Yığma komandanın üzvü Diana Dımçenkonun “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanması təşkil olunacaq reqataya xüsusi rəng qatır.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident Kuboku-2024” beynəlxalq reqatasına 20-dən çox ölkədən 30-a qədər komanda qatılacaq. Yarışlar mayın 1-i Suqovuşanda start götürəcək, 2-3 may tarixində Mingəçevir Kür Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.
Mayın 3-də Mingəçevirdə “Prezident Kuboku-2024” beynəlxalq reqatasının bağlanış mərasimi olacaq. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. “Prezident Kuboku” reqatasına atəşfəşanlıqla yekun vurulacaq.
Xatırladaq ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək “Prezident Kuboku” reqatası ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.

İdman 2024-04-30 10:40:00