Bakı, sabahın xeyir! - FOTOREPORTAJ
Bakı, 30 aprel, AZƏRTAC
Sübh tezdən Xəzərin qoynunda üfüqlər təzə qalanmış ocaq kimi görünür. Getdikcə dan yeri sökülür, üfüqlər qırmızı rəngin min bir çalarına bürünür. Gecənin süzülmüş köynəyinin kölgə kimi görünən sonuncu qaraltıları da çəkilir. Hava yavaş-yavaş aydınlaşmağa başlayır. Dan yerindən təzə-təzə boy göstərən Günəşin zərrin şəfəqləri əvvəlcə mavi sularda bərq vurur, sonra hələ yuxulu gözlərini ovuşduran körpəni xatırladan sakit şəhərin üzərinə - yollara, küçələrə, binaların damlarına, evlərə, pəncərələrə səpilir. Şəhər oyanır...
Dəniz mavi sulara səpələnən şəfəqlər altında güzgü kimi parıldayır, işığa həsrət güllər sanki titrək-titrək gülümsəyir. Quşlar səhər nəğməsi oxuyur, dalğalar bir-birini qova-qova sahilə tələsir. Bulvara ilk izlər düşür, səhəri qarşılayanların ilk addımları küçələri naxışlayır. Göz qamaşdıran, dəniz sularında işım-işım işıldayan şəfəqlərə salam verən də var, gəzintiyə çıxan, səhərin təmiz havasını ciyərlərinə çəkən, görüşə tələsən də...
Yeni bir səhər doğulur, yeni bir gün başlayır- ömrümüzə gözəllik, həyatımıza xoş duyğular, dünyamıza xoş ümidlər vəd edən yeni bir gün...
Bu gözəlliyi seyr edən hər kəsə paytaxtımıza açılan növbəti bir səhəri salamlamaq qalır: - Bakı, sabahın xeyir!..
AZƏRTAC-ın fotomüxbirinin səhər saatlarında Bakı şəhərində çəkdiyi fotoları təqdim edirik.
Polkovnik: Heç bir qüvvə Azərbaycanda xalq-ordu birliyinə xələl gətirə bilməz
Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib
Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərarlar çıxarılıb
FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir
Qərbi Azərbaycan İcmasında Yunis Rzayevin 100 illiyi qeyd olunub