×
A
A
A
Sazlamalar

Azərbaycan Badminton Federasiyasının nümayəndə heyəti BWF-nin illik toplantısında iştirak edib

Bakı, 29 aprel, AZƏRTAC

Azərbaycan Badminton Federasiyasının (ABF) nümayəndə heyəti Dünya Badminton Federasiyasının (BWF) illik toplantısında iştirak edib.
ABF-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Çinin Çendu şəhərində baş tutan illik konfransda dünyanın 151 yerli federasiyasının nümayəndələri iştirak ediblər.
BWF prezidenti Poul Erik Höyer bildirib ki, dünyada badmintona maraq dayanmadan artmaqdadır. Qurum rəhbərinin sözlərinə görə, 2023-cü ildə dünya üzrə qeyd olunan 5 iyul - Badminton Günündə 60 ölkədə 200-dən artıq tədbir keçirilib. Bu idman növü bütün qitələrdə inkişaf etməkdədir. O qeyd edib ki, Beynəlxalq İdman Federasiyaları üzrə BWF ən çox izlənilən beş qurum sırasındadır.
Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun rəhbərlik etdiyi nümayəndə heyəti illik toplantıda iştirak edərək bir sıra ikitərəfli görüşlər keçirib.
Qeyd edək ki, Azərbaycan Badminton Federasiyası həm dünya, həm də Avropa Badminton ailəsinin fəal tərəfdaşı hesab olunur. Ötən il Avropa Badminton Federasiyasının illik konqresi ilk dəfə Bakıda keçirilib. 2025-ci ildə isə Azərbaycan paytaxtı qarışıq komandalar arasında badminton üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

İdman 2024-04-29 10:53:00