×
A
A
A
Sazlamalar

Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb

Bakı, 20 aprel, AZƏRTAC

Aprelin 20-də Xətai Sənət Mərkəzində gənc rəssam Reyhan Aslanovanın “Müşahidələrin fraqmentləri” adlı fərdi yaradıcılıq sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “Contemporary Baku” şirkətinin təsisçisi və direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov rəssamın yaradıcılığının əsasını Qərbi Azərbaycan və Qarabağ mövzularının təşkil etdiyini bildirib.
"Reyhan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Rəssamlıq fakültəsini bitirib. Özünəməxsus istedadı olan bu gəncimiz həm Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, həm də Azərbaycan Teatr Xadimləri İttifaqında müstəqil bədii rəhbər, 2020-2022-ci illərdə “İDRAK” liseyində təsviri sənət müəllimi kimi çalışıb. 2022-ci ildən bu günədək Bakı İstanbul Liseyində təsviri sənət müəllimi, 2017-ci ildən bu günədək isə “Şəxsi Sənət” Studiyasında direktor vəzifəsində çalışır. Bu sərgi gəncin yaradıcılığı yolunda verdiyi ilk hesabatdır",- deyə o əlavə edib.
Akademik Abel Məhərrəmov gənc rəssama uğurlar arzulayaraq qeyd edib: "Son zamanlar Qərbi Azərbaycanla bağlı əlamətdar tədbirlərin sayı çoxalıb. Bu, sevindirici haldır. Sərgidə yağlı boya ilə çəkilən rəsmlər göz oxşayır. Bu vasitə ilə çalışmaq çox zaman çətin olur. Lakin gənc rəssamımız bunu bacarıb".
Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədr müavini, deputat Hikmət Babaoğlu sərgidə çox maraqlı əsərlərin yer aldığını söyləyib. O, rəsmlərin yüksək səviyyədə olduğunu və rənglərin ahənginin izləyiciləri cəlb elədiyini bildirib.
Sərginin müəllifi, rəssam Reyhan Aslanova bəzi əsərlərin on beş dəqiqə müddətində ərsəyə gəldiyini vurğulayıb. "Əsərlər yağlı boya ilə kətan üzərində çəkilib. Onların bir çoxu Qarabağ və Qərbi Azərbaycana həsr olunub. Sərgidə 60-a yaxın əsər yer alıb. Kompozisiyadan asılı olaraq əsərlərin çəkilmə müddəti dəyişir. Etüd xarakterli əsər üzərində 45 dəqiqə çalışıram. İriölçülü işləri isə bir neçə seansa hazırlamışam. O da kompozisiyanın quruluşuna görə dəyişir. Hazırlıq proseslərində fikrin istiqaməti də vacib rol oynayır",- deyə o əlavə edib.
Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov tədbirə ev sahibliyi etməkdən böyük məmnunluq duyduğunu diqqətə çatdıraraq rəssamı diplomla təltif edib.

Mədəniyyət 2024-04-20 21:46:00