×
A
A
A
Sazlamalar

“Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi böyük həqiqətin növbəti təzahürüdür” - RƏY

Bakı, 20 aprel, AZƏRTAC
“Prezident İlham Əliyevin hər bir addımı yeni bir zəfər, yeni bir nailiyyətdir. Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi bu böyük həqiqətin növbəti təzahürüdür”.
Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik vurğulayıb ki, həmin kəndlərin işğaldan azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın bərpası istiqamətində atılan mühüm tarixi addımdır: “Qazaxın Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin bir güllə belə atılmadan, danışıqlar yolu ilə azad edilməsi diplomatiyamızın, Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir. Bu, həm də ərazi bütövlüyümüzün bərpası istiqamətində atılan mühüm addımlardan biridir.
Prezident İlham Əliyevin Azərbaycan xalqına yaşatdığı bu uğur bir daha göstərdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi torpaqlarımızın geri qaytarılmasında, xalqımızın illərlə pozulan hüquqlarının sona qədər bərpasında qətiyyətlidir və bu məsələdə heyrətamiz prinsipiallıq, səy göstərir. Bu tarixi Qələbə həm də onu göstərir ki, dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, xalqımız ona məxsus olan torpaqların bir qarışından belə imtina etməyəcək, bu məsələdə kimsəyə güzəşt olunmayacaq”.

C.Xəlilov Azərbaycandakı Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması ilə bağlı Bakı ilə Moskva arasında razılıq əldə olunduğunu da xatırladıb: “Bu, Prezident İlham Əliyevin siyasi strateq kimi böyüklüyünə dəlalət etməklə yanaşı, Azərbaycanla Rusiya arasında tarixi dostluq münasibətlərinin, səmimi əməkdaşlıq ruhunun yüksək səviyyədəki mövcudluğunu sübut etdi. Bu razılaşma bir daha sübut etdi ki, Azərbaycanla Rusiya arasında nəinki hər hansı anlaşılmazlıq yoxdur, əksinə, iki ölkə arasında qarşılıqlı anlayış və əməkdaşlığa əsaslanan sağlam əlaqələr mövcuddur”.
Cəlil Xəlilov söyləyib ki, Qazaxın 4 kəndinin geri qaytarılmasının tarixi-siyasi əhəmiyyətini artıran digər bir reallıq isə bu uğurun bölgədə gərginlik yaratmaq istəyən beynəlxalq güclərin aktivliyi şəraitində əldə edilməsidir: “44 günlük Vətən müharibəsindən sonra bir sıra beynəlxalq güclər, eləcə də Fransa bölgədə vəziyyəti yenidən gərginləşdirmək, yeni qarşıdurma yaratmaq istiqamətində məkrli addımlar atır, siyasi təxribatlara yol verirdi. Bu təxribatlar bu gün də davam edir. Bizim üçün xüsusilə qürurvericidir ki, Prezident İlham Əliyev Qazaxın erməni işğalındakı 4 kəndini məhz belə ortamda – ermənipərəst qüvvələrin bölgədə aktivliyi fonunda azad etdi. O, bununla bir daha sübut etdi ki, regionda əsas söz sahibi Azərbaycandır və kimin nə deməyindən asılı olmayaraq, dövlətimiz öz maraqlarını qətiyyətlə müdafiə edəcək, qarşısına qoyduğu hədəflərə nail olacaq.
Mən bu böyük Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edir, bütün veteranlar adından Müzəffər Ali Baş Komandana təşəkkürümü bildirirəm”.

Siyasət 2024-04-20 20:00:00