×
A
A
A
Sazlamalar

Ticarət və Sənaye Palataları Birliyi Qadın Sahibkarlar Komitəsinin ikinci Baş Assambleya iclası keçirilib

Bakı, 20 aprel, AZƏRTAC

İstanbulda Türkiyə Ticarət və Sənaye Palataları Birliyi Qadın Sahibkarlar Komitəsinin ikinci Baş Assambleya iclası keçirilib. Tədbirdə 8 ölkəni təmsil edən qadın sahibkarlar iştirak ediblər.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, Ticarət və Sənaye Palataları Birliyi Qadın Sahibkarlar Komitəsinin sədri Səkinə Babayeva iki il ərzində görülən işlərin hesabatını təqdim edib.
S.Babayeva çıxışında bildirib ki, 2021-ci ilin noyabr ayından etibarən Türk dünyası qadın sahibkarları ilə keçirilən ümumi görüşlərin sayı 120-ni ötüb. Bu dövr ərzində türkdilli ölkələrə 30-dan çox səfər təşkil olunub və 8 ölkədə 60-a yaxın layihə, tədbirlər həyata keçirilib.
Ümumi yığıncaqda Türkiyə təmsilçisi Hatice Kalın, Qazaxıstandan Lazzat R. Kerimkulovna, Qırğızıstandan Aijan Chynybaeva, Özbəkistandan Nodira N. Shotursunova, Türkmənistandan Gulbahar İlliyeva, Kipr Türk Respublikasından isə Yaprak Özyalçının məruzələri dinlənilib.
Ümumi yığıncağın qərarına əsasən isə Türkmənistan təmsilçisi rəsmi olaraq Qadın Sahibkarlar Komitəsinin tərkibinə daxil olub və bundan sonrakı dövr üçün bütün ölkələrin nümayəndələrinin öz dillərində danışıqlar aparmasının vacibliyi qeyd olunub.
Daha sonra 2021-ci ildə komitənin qəbul olunmuş əsasnaməsinə dair qərarlara istinadən Qadın Sahibkarlar Komitəsinin sədrliyi Azərbaycan nümayəndəsi Səkinə Babayevadan Qazaxıstan nümayəndəsi Ləzzət Kerimkulovnaya təhvil verilib.

İqtisadiyyat 2024-04-20 18:09:00