×
A
A
A
Sazlamalar

Şəki Dövlət Dram Teatrı tezliklə teatrsevərlərə “Kuraj ana və uşaqları” tamaşasını təqdim edəcək

Şəki, 20 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Şəki Dövlət Dram Teatrında görkəmli alman ədibi Bertolt Brextin “Kuraj ana və uşaqları” pyesi əsasında səhnələşdirilən tamaşanın məşqləri davam edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissəsinin rəhbəri Lalə Məmmədova məlumat verib.
Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Mustafa Mustafayev, geyim üzrə rəssamı Sahib Əhmədov, bəstəkarı Firudin Allahverdi, mahnıların bəstəkarı Xatirə Orucova, baletmeysteri Çingiz Novruzəliyevdir.
Teatrın rəsmisi bildirib ki, tamaşanın mövzusu bütün dövrlərdə heç zaman bitməyən müharibələr haqqındadır. Əsərdə baş verən hadisələr Avropa tarixində ən dağıdıcı münaqişələrdən biri olan Otuzillik müharibə dövrünü (1618-1648) əhatə edir. Pyesin əsas qəhrəmanı Kuraj ləqəbli Anna Firlinq müharibə zamanı övladlarını itirsə də, həyata olan baxışını dəyişmir. Bütün müharibələrdə itkilər olmasına rəğmən, əsərdə Kuraj ananın simasında insanlığın mahiyyəti, müharibədə qazananların əsl siması əks olunur.
Bertolt Brext əsərdə müharibə ilə yaşamaq istəyənlər üçün bunun qan, can bahasına başa gələcəyini qeyd edir. Hələ də dünya üzərində ağalığı müharibələrlə əldə etmək istəyənlər öz çirkin niyyətlərini canlarını itirənlər hesabına həyata keçirmək arzusundadırlar. Yaşadığımız dövrdə də dünyanın müxtəlif nöqtələrində davam edən müharibələr mövzunun aktuallığını bir daha göstərir. Tamaşanın əsas ideyası bitməyən müharibələrə son qoyulmasına, müharibəsiz həyatın daha da gözəl olmasına bir çağırış, mesajdır.
Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, aktyorlar Lalə Məmməd, Arzu Mustafayeva, Elvin Mabudov, Rəsul Məmmədrəhimov, Nərmin Abbasova, Aytac İsmayılzadə, Pərviz İsmayılov, Xəyal Salahov, İlkin Rüstəmov, Fərahim Fətəliyev, Hüseyn Hüseynli, Qurban Rəsulov, Çingiz Novruzəliyev, Günay Novruzəliyeva, Samirə Abdullayeva, Rəşad Rüstəmov, Nazilə İmamhüseynova, Rəşid Mirizadə və Azad Məmmədov ifa edirlər.
Yeni tamaşanın aprelin sonlarında təhvil verilməsi nəzərdə tutulur.

Regionlar 2024-04-20 12:25:00