Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının 30 illik yubileyi qeyd olunub
Bakı, 20 aprel, AZƏRTAC
Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının (FAT) 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə daim xüsusi önəm verdiyini vurğulayıb.
Direktor innovativ məktəb kimi fəaliyyət göstərən Bakı Avropa Liseyində şagirdlərin inkişafına böyük təsir edən və müasir dövrdə təhsildə inteqrativ proqram kimi cəmi 3 ölkədə həyata keçirilən FAT proqramının tarixindən, 30 il ərzində liseydə çox böyük müvəffəqiyyətlə tətbiq olunmasından danışıb. Onu da qeyd edib ki, liseyin nailiyyətlərinin səbəbləri burada yaradılan inkişafedici mühit, müəllimlərin yüksək peşəkarlığı və təhsil sahəsində elm və praktikanın vəhdətidir.
Sonra Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nərminə Hüseynova, FAT proqramının həmmüəllifi, psixologiya elmləri doktoru, Moskva Dövlət Psixoloji-Pedaqoji Universitetinin professoru Natalya Şumakova, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış ediblər.
Bakı Avropa Liseyinin direktoruna və FAT müəllimlərinə Elm və Təhsil Nazirliyinin Fəxri fərman və təşəkkürnamələri verilib.
Tədbirin bədii hissəsində “FAT proqramı gələcəyi yaradanları yetişdirir” mövzusunda konsert-tamaşa təqdim olunub. Tamaşada liseyin şagirdləri FAT proqramının mahiyyətini açıqlayan səhnəciklərlə çıxış edərək öz istedadlarını qeyri-adi rəqs nömrələri, mahnılarla nümayiş etdiriblər.
Yubiley tədbirində Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, müəllimlər, valideynlər və liseyin məzunları iştirak ediblər.
“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı
Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib
Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər
Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır