×
A
A
A
Sazlamalar

Rəvan Həsənov: Niyyətimiz Qafqaz Albaniyasının tarixinin yalnız elmi müstəvidə öyrənilməsidir

Bakı, 20 aprel, AZƏRTAC
Tarixin Qafqaz Albaniyası ilə bağlı dövrü tam araşdırılmayıb. Gənc nəslin, yeni tarixçilərin bu istiqamətə yönəldilmələrinə ehtiyac var. Minillik tarixi olan Qafqaz Albaniyasında 26 fərqli dildə danışan tayfalar olub. Bugünkü Azərbaycan cəmiyyətini təhlil etdikdə ölkəmizin multikulturalizm ənənələrinin haradan qaynaqlandığını görmək olar. Biz həmin multikulturalizm ənənələrindən keçərək bu günə gəlib çıxmışıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Beynəlxalq Mültikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” mövzusunda XI beynəlxalq konfransda çıxışı zamanı söyləyib.
R.Həsənov tarixi tədqiqatlar nəticəsində yeni xəritələrin ortaya çıxması ilə bağlı həqiqətlərin bəzilərini narahat etdiyini vurğulayıb. Bildirib ki, Qafqaz Albaniyası bir ölkənin coğrafiyasında deyil. Bütün xalqlar bu məsələdə daha çox həssaslıq göstərməli, elm adamları bu irsin qorunub saxlanılmasında maraqlı olmalıdırlar. “Bizim mərkəzimiz xaricdə dərc edilmiş, tapılmış materialların hər birinə maraq göstərir, onları araşdırır. Xaricdə fəaliyyət göstərən bəzi “alimlər” Vətən müharibəsində guya Azərbaycanın Qafqaz Albaniyasına aid tarixi-mədəni abidələri, kilsələri dağıtması ilə bağlı sosial mediada saxta fotolar paylaşırlar. Halbuki həmin fotoların 2008-ci ildə Ermənistanın işğal dövründə çəkilməsi həqiqətdir. Bizim niyyətimiz Qafqaz Albaniyasının tarixinin yalnız elmi müstəvidə öyrənilməsidir”, - deyə R.Həsənov qeyd edib.

 

Cəmiyyət 2024-04-20 11:14:00