×
A
A
A
Sazlamalar

Bu il mediasiya təşkilatlarına ailədaxili mübahisələrlə bağlı 10 mindən çox müraciət daxil olub

Bakı, 20 aprel, AZƏRTAC

Bu ilin birinci rübündə mediasiya təşkilatlarına ümumilikdə 11 min 692 müraciət daxil olub. Onlardan 10 min 600 müraciət sırf ailədaxili mübahisələrinə aid olub. Burada söhbət yalnız nikahın xitamından getmir, alimentin artırılması və ya azaldılması, uşaqla ünsiyyət, əmlak və sair məsələlərlə bağlı müraciətlər qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bunu Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov “Ailədaxili mübahisələrin mediasiya prosesləri vasitəsilə həllində psxiloloqların rolu” mövzusunda keçirilən konfransda deyib.
N.Adilovun sözlərinə görə, ilin birinci rübündə edilən müraciətlər zamanı barışıq sazişləri 41,9 faiz təşkil edib. Bu, çox uğurlu nəticədir.
“Ailədaxili mübahisələrdə barışıq sazişləri deyəndə nikahların xitam verilməsinin qarşısının alınması nəzərdə tutulmur. Burada işimiz tərəflərin uzlaşa bilmədiyi məsələləri həll etməkdir, yəni uşaqla ünsiyyət, əmlak və sair. Həmin proseslərdə bizim kənar ekosistemlərlə əməkdaşlığa çox ciddi ehtiyacımız var və bunu dövlət qurumları ilə tənzimləyirik. Gələcək perspektivlərimizdə psixoloqla iş ön plandadır”, - deyə Şuranın sədri bildirib.

Cəmiyyət 2024-04-20 10:55:00