Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq
İstanbul, 19 aprel, Günel Karatepe, AZƏRTAC
Türk dövlətlərinin ortaq mirası, əməkdaşlığı və sənət xəzinəsinin tanıdılması məqsədilə aprelin 22-dən 25-dən İsveçrənin Cenevrə şəhərində “Türk həftəsi” keçiriləcək. Təntənəli tədbirlərlə qeyd ediləcək həftə Türk Dövlətləri Təşkilatı (TDT) ilə Türk dünyasının digər qurumlarının birgə təşkilatçılığı çərçivəsində baş tutacaq.
Bu barədə AZƏRTAC-a Türk Dövlətləri Təşkilatından məlumat verilib.
Bildirilib ki, TDT, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası və Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq tədbirlərə BMT-nin Cenevrə Bürosu, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Cenevrə Musiqi Konservatoriyası ev sahibliyi edəcək.
“Türk həftəsi” çərçivəsində Türk dünyasının zəngin mədəni irsinin təbliğ ediləcəyi tədbirlər aprelin 22-də Türk Dünyası Sərgisinin təntənəli açılışı və “Davamlı inkişaf məqsədlərinə nail olmaqda yüksələn aktor kimi TDT” adlı konfransla başlayacaq. Konfransda iştirakçılar qlobal çağırışların həlli və davamlı inkişafı təşviq etmək üçün türk əməkdaşlığından istifadə etməklə bağlı ətraflı müzakirələr aparacaqlar.
Aprelin 23-də Türkdilli dövlətlərin əməkdaşlıq təşkilatlarının birgə səylərinin müzakirə ediləcəyi “Türk Əməkdaşlıq Təşkilatları: Ortaq İrs, Birgə Tərəqqi” mövzusunda konfrans təşkil olunacaq. Eyni gündə keçiriləcək konsert proqramı ilə TÜRKSOY sənətçiləri Türk dünyası musiqilərini sənətsevərlərə təqdim edəcəklər.
Aprelin 25-də məşhur qazax bəstəkarı və pianoçu Rakhat-Bi Abdyssaginin ifasında Türk xalqlarının musiqiləri təqdim olunacaq.
Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür
Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib
“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb
Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır
Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq