×
A
A
A
Sazlamalar

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakı, 19 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatala, Balakən və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl sədr Zaur Mikayılov və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə şəhərin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər.
Daha sonra agentliyin sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, suvarma suyunun limitinin artırılması, yeni subartezian quyularının qazılması, içməli suya olan tələbatın ödənilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Regionlar 2024-04-19 18:50:00