×
A
A
A
Sazlamalar

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Kiyev, 19 aprel, AZƏRTAC
Aprelin 19-na keçən gecə Rusiya silahlı qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətinə raket zərbəsi endirib. Hücum nəticəsində mülki binalar dağılıb, ölənlər və xəsarət alanlar var.
AZƏRTAC xəbər verir ki, Dnepropetrovsk vilayəti Hərbi Administrasiyasının məlumatına görə, Rusiyanın raket hücumu nəticəsində ikisi azyaşlı uşaq olmaqla 8 nəfər ölüb, 25-i yaralanıb. Hava hücumundan müdafiə qüvvələri 16 raketdən 11-ni və 10 “Şahed” kamikadze dronundan 9-nu məhv edə bilib.
Dnepr şəhərinin mərkəzində çoxmərtəbəli bina da vurulub. Orada yanğın baş verib, iki infrastruktur obyektinə ziyan dəyib. Dəmiryolu vağzalı yanındakı bina da hava hücumu nəticəsində dağılıb. Şəhərdəki dəmir yolu vağzalı fəaliyyətini dayandırıb.
Krivoy Roq şəhər infrastrukturu obyektinə ziyan dəyib və yanğın baş verib, 3 nəfər yaralanıb. Sinelnikovski rayonunda isə 10-dan çox fərdi ev zədələnib, ikisi azyaşlı uşaq olmaqla 6 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2024-04-19 11:51:00

Video