×
A
A
A
Sazlamalar

Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir

Bakı, 17 aprel, AZƏRTAC

Avropa çempionluğu tarixi nəticədir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Bilyard Federasiyasının prezidenti Seymur Məmmədov Moldovanın paytaxtı Kişineuda keçirilən Avropa çempionatında uğurla çıxış etmiş idmançılarımız barədə danışarkən deyib.
O, uzun illər sonra yenidən bərpa olunan Avropa çempionatında ilk qızıl medal qazandıqları üçün qürur hissi keçirdiyini bildirib. “Azərbaycan Bilyard Federasiyasına yeni prezident seçilmişəm. Rəhbər olaraq ilk böyük uğurun sevincini yaşayıram. Turnirə dörd bilyardçı ilə yollanmışdıq və onlardan ikisi medal qazana bildi. Bu, möhtəşəm nəticədir”, - deyə o əlavə edib.
Qarşıdakı turnirlərə ciddi hazırlaşacaqlarını söyləyən S.Məmmədov bildirib: “Qarşıda bizi dünya çempionatı və sərbəst piramida üzrə Avropa çempionatı gözləyir. Bu yarışlardakı hədəflərimiz Azərbaycana ən yüksək nəticələrlə qayıtmaqdır”.
Qeyd edək ki, 7 ölkədən 70 idmançı arasında keçirilən yarışda Tofiq Quliyev birinci, Niyazi Xələfov isə üçüncü yerləri tutublar.

İdman 2024-04-17 19:26:00