×
A
A
A
Sazlamalar

Xəzər dənizində süni torpaq sahələrinin yaradılmasında əsas məqsəd açıqlanıb

Bakı, 16 aprel, AZƏRTAC

Xəzər dənizində süni torpaq sahələrinin yaradılmasında əsas məqsəd ölkəmizin turizm imkanlarının genişləndirilməsidir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 16-da keçirilən iclasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri Rəşad İsmayılov deyib.
Aparat rəhbəri bildirib ki, tikinti sahəsində məhdudiyyətlər investorlar üçün cəlbediciliyin qarşısını alır.
“Quruda olduğu kimi, Xəzərdə də yaradılacaq süni adalarda həyata keçiriləcək tikinti işləri qanun çərçivəsində, məcəllənin tələblərinə uyğun aparılacaq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən nəzarət ediləcək. Sənəddə mülkiyyət hüquqlarının qorunması da diqqətdə saxlanılıb.
Qanunvericiliklə qoruqların ərazisi dövlət mülkiyyətidir. Bizim yanaşmamız belədir ki, sahilboyu zolaq kimi süni ada da dövlət mülkiyyətidir”, - deyə R.İsmayılov diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun tikintiyə icazə alınması üçün 2 ildən çox olmayaraq, süni torpaq sahəsinin yaradılması və həmin torpaq sahəsində tikinti obyektlərinin inşası üçün isə 3 ildən az, lakin 6 ildən çox olmayan müddət müəyyən edilir. Aparat rəsmisi bildirib ki, sənədə əsasən, qanunla müəyyən edilmiş müddətlər sifarişçinin əsaslandırılmış müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən 2 ildən çox olmamaqla uzadıla bilər.
Diqqətə çatdırılıb ki, nəzərdə tutulmuş müddətdə süni torpaq sahəsinin yaradılması başa çatmadıqda, sifarişçinin icazə hüququna xitam verilir.
Rəşad İsmayılov bildirib ki, qanun layihəsi təkcə Bakıya şamil olunmur. Süni adalar Nabranda, Lənkəranda və digər yerlərdə yaradıla bilər.

Cəmiyyət 2024-04-16 12:08:00