×
A
A
A
Sazlamalar

Rafiq Rəhimov: Azərbaycanda perspektivli idmançılar yetişir

Bakı, 6 aprel, AZƏRTAC

“Çağdaş dünyada müasir dövrün çağırışlarına cavab verən, habelə möhtəşəm Qələbəmizlə nəticələnən 44 günlük Vətən müharibəsindən sonra ərazi bütövlüyünü tamamilə bərpa edən və bölgənin aparıcı dövlətinə çevrilərək güc mərkəzlərindən biri olan Azərbaycan idman ölkəsi kimi də tanınır. Ölkə rəhbərliyi tərəfindən idmançılara, o cümlədən veteran idmançılara yüksək diqqət və qayğı göstərilir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran güləşçi, çoxsaylı turnirlərin qalibi olmuş Rafiq Rəhimov deyib.
Bu gün 90-cı ildönümünü qeyd edən mütəxəssis bildirib ki, təcrübəli idmançılarla müsahibələr gənc nəslin formalaşmasında, yeniyetmələrin idmana marağının artmasında rol oynaya bilər: “Habelə onların sağlam həyat tərzi sürmələri, eləcə də gələcəkdə idman sahəsində nailiyyətlər əldə etmələri üçün gözəl zəmin yarada bilər”.
O, Azərbaycanda perspektivli idmançıların yetişdiyini vurğulayıb: “İdmançılarımızın son nailiyyətləri valehedicidir və mən onlara yalnız müvəffəqiyyət, yeni qələbələr arzu edirəm. Hər zaman mavi ekran qarşısında idmançılarımızın iştirak etdikləri yarışları izləyərək qələbə anını həyəcanla gözləyirəm. Azərbaycan bayrağı yüksəklərə ucaldıqda hər birimiz kimi mən də sonsuz qürur hissi keçirirəm. Bu hisslər 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəmizdən və Müzəffər Ali Komandanımızın Qarabağın bütün şəhərlərində, xüsusilə Şuşa və Xankəndidə bayrağımızı sancmasından sonra daha da yüksəldi”.
Qeyd edək ki, Rafiq Rəhimov idman sahəsində göstərdiyi xidmətlərə görə 2014-cü ildə “Fəxri idmançı” adı alıb, 2018-ci ildə isə Fəxri diplomla təltif olunub.

 

İdman 2024-04-06 13:56:00