×
A
A
A
Sazlamalar

Əməkdar məşqçi yunan-Roma güləşçilərimizin lisenziya turnirində uğursuz çıxışının səbəbini açıqlayıb

Bakı, 6 aprel, AZƏRTAC

“Bu, idmandır, hər zaman qələbə qazanmaq olmur”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran güləşçi Radik Hüseynov Azərbaycanın yunan-Roma güləşçilərinin Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirdə uğursuz çıxış etməsi barədə danışarkən deyib.
Əməkdar məşqçi bu nəticəni təcrübəsizlik və idmançıların fiziki cəhətdən çatdıra bilməməsi ilə əlaqələndirib: “Əslində idmançılar üçün çox yaxşı şərait yaradılıb. Təəssüf ki, Bakıda yunan-Roma növündə lisenziya qazana bilmədik. Beka Kandelaki yarımfinala kimi çox yaxşı irəlilədi. Lakin rəqibi Sergey Semyonov güclü idi. İdmançımız mübarizə aparmaqda çətinlik çəkdi. Murad Əhmədiyev isə gənc və təcrübəsiz olduğuna görə yarışı 1/4 finalda başa vurdu”.
Keçmiş güləşçi lisenziya gözlədiyi Nihad Məmmədlinin (60 kiloqram) ümidləri doğrultmadığını söyləyib: “Təəssüf ki, Nihad da bizi sevindirə bilmədi. Ona çox inanırdım. Yuxarı çəkilərdə güləşmək çətindir. İnanıram ki, bu yarış idmançılarımız üçün təcrübə olacaq”.
Qeyd edək ki, turnirin ilk günündə qüvvəsini sınayan Azərbaycanın yunan-Roma güləşçiləri - Nihat Məmmədli (60 kiloqram), İslam Abbasov (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Beka Kandelaki (130 kiloqram) finala çıxa bilmədikləri üçün “Paris-2024” Yay Olimpiya Oyunlarına Lisenziya qazana bilməyiblər.

İdman 2024-04-06 12:40:00