×
A
A
A
Sazlamalar

Azərbaycan millisinin üzvü: Macarıstanla heç-heçə uğurlu nəticədir

Bakı, 6 aprel, AZƏRTAC

“Oyun bizim üçün çox çətin keçdi”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Manə Mollayeva Avropa çempionatının seçmə mərhələsində Macarıstanla 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.
27 yaşlı müdafiəçi səfərdə qazanılan nəticənin uğurlu olduğunu bildirib: “Bütün görüşlərə qələbə üçün çıxırıq. Macarıstan Avropanın ən yaxşı komandalarından biridir. Heyətində olan oyunçular güclü klublarda çıxış edirlər. Bizdə isə qadın futbolu yeni-yeni inkişaf edir. Lakin çox möhtəşəm mübarizə apardıq. Meydanda istəkli idik. Bütün kollektivlə qürur duyuram”.
O, qrupda yer alan digər yığmalar – İsveçrə və Türkiyənin də güclü komandalar olduğunu söyləyib: “Aprelin 9-da doğma meydanda İsveçrə seçməsini qəbul edəcəyik. Məqsədimiz bu oyundan üç xal götürməkdir. Potensialımıza inanırıq”.
Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək Azərbaycan – İsveçrə matçı saat 16:00-da başlayacaq.

 

İdman 2024-04-06 11:32:00