×
A
A
A
Sazlamalar

ÜMT: 2023-cü ildə iqlim dəyişikliyi göstəriciləri rekord həddə çatıb

Bakı, 27 mart, AZƏRTAC

Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) “2023-cü ildə qlobal iqlim vəziyyəti” adlı hesabatında deyilir ki, isti dalğaları, daşqınlar, quraqlıqlar, meşə yanğınları və sürətlə güclənən tropik siklonlar səfalət və xaosa səbəb olub, milyonlarla insanın gündəlik həyatını pozub və milyardlarla dollar iqtisadi ziyana səbəb olub. Bu barədə AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir.
ÜMT-nin hesabatı təsdiq edir ki, 2023-cü il tarixdə ən isti il olub, orta qlobal səth temperaturu sənayedən əvvəlki baza səviyyəsindən 1,45°C (±0,12°C fərqlə) yuxarı qalxıb. Bu, tarixin ən isti onillik dövrü idi.
“Bütün göstəricilər həyəcanvericidir... Bəzi dəyərlər nəinki rekordları qırır, sadəcə olaraq onları darmadağın edir. Dəyişiklik isə sürətlənir”, - deyə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş bildirib.
“Müvəqqəti də olsa, iqlim dəyişikliyi üzrə Paris Sazişi ilə müəyyən edilmiş 1,5°C aşağı həddə indiyədək heç vaxt bu qədər yaxın olmamışıq”, - deyə ÜMT-nin Baş katibi Selest Saulo bildirib. O əlavə edib ki, ÜMT icması dünyaya qırmızı xəbərdarlıq göndərir.
Selest Saulo qeyd edib: “İqlim dəyişikliyi təkcə temperaturun artması ilə bağlı deyil. 2023-cü ildə gördüklərimiz - okeanların görünməmiş istiləşməsi, buzlaqların geri çəkilməsi və Antarktika dəniz buzunun itirilməsi mənzərələri xüsusilə narahatedicidir”.
2023-cü ildə orta hesabla bir gündə dünya okeanlarının təxminən üçdəbiri həyati vacib ekoloji və qida sistemlərinə təsir edən dəniz isti dalğasına məruz qalıb. 2023-cü ilin sonuna qədər okean səthinin 90 faizindən çoxu il ərzində isti dalğalarının təsiri altında olub.
İlkin məlumatlara görə, qlobal istinad buzlaqları həm Şimali Amerikanın qərbində, həm də Avropada həddindən artıq ərimə nəticəsində qeydə alınmış ən böyük buz itkisini (1950-ci ildən bəri) yaşayıb.
Hesabatda bildirilir ki, Antarktikada dəniz buzunun həcmi rekord səviyyədə ən aşağı həddə çatıb, qışın sonunda onun maksimal ölçüsü əvvəlki rekord ilindən 1 milyon kvadrat kilometr az olub ki, bu da Fransa və Almaniyanın birgə ərazisinə bərabərdir.
ÜMT-nin rəhbəri vurğulayıb: “İqlim böhranı bəşəriyyətin üzləşdiyi həlledici problemdir və qida təhlükəsizliyinin pisləşməsi, əhalinin yerdəyişməsi və biomüxtəlifliyin itməsi ilə müşayiət olunan bərabərsizlik böhranı yaradır”.
Dünya miqyasında kəskin qida çatışmazlığı ilə üzləşən insanların sayı iki dəfədən çox artaraq, COVID-19 pandemiyasından əvvəl 149 milyon nəfərdən 2023-cü ildə 333 milyona çatıb (Ümumdünya Ərzaq Proqramı tərəfindən monitorinq edilən 78 ölkədə). Hesabatda deyilir ki, ekstremal hava və iqlim şəraiti buna əsas səbəb olmaya bilər, lakin onlar vəziyyəti daha da ağırlaşdıran amillər kimi çıxış edirlər.
Təhlükəli hava hadisələri 2023-cü ildə yerdəyişmələrə səbəb olmaqda davam edib və bu, iqlim şoklarının dayanıqlığı necə sarsıtdığını, habelə ən həssas təbəqələrin qorunması üçün yeni risklər yaratdığını nümayiş etdirib.
ÜMT-nin hesabatında deyilir ki, ilk növbədə, günəş radiasiyası, külək və su dövriyyəsinin dinamik qüvvələri tərəfindən idarə edilən bərpa olunan enerji istehsalı karbonsuzlaşdırma məqsədlərinə çatmaq potensialına görə iqlim dəyişikliyi ilə mübarizədə ön sıralara yüksəlib. 2023-cü ildə bərpa olunan enerji gücü əlavələri 2022-ci ilə nisbətən təxminən 50 faiz artaraq cəmi 510 qiqavata çatıb ki, bu da son iki onillikdə qeydə alınan ən yüksək göstəricidir.

 

Cəmiyyət 2024-03-27 15:42:00