×
A
A
A
Sazlamalar

Baş məşqçi: Selcan Mahsudovanın uğuru bizi qürurlandırır

Bakı, 27 mart, AZƏRTAC

“Azərbaycan gimnastika məktəbinin yetirməsi olan Selcan Mahsudovanın lisenziya qazanması bizi çox qürurlandırır. Çünki onunla uzun yol qət etmişik”.
AZƏRTAC xəbər verir ki, bu sözləri batut gimnastikası üzrə Azərbaycan millisinin baş məşqçisi Vladimir Şulikin Selcan Mahsudovanın “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanması ilə bağlı federasiyanın rəsmi saytına açıqlamasında deyib.
Azərbaycanda batut gimnastikasının on ildir inkişaf etdiyini xatırladan çalışdırıcı bildirib ki, bu müddət ərzində belə nəticə əldə etmək sevindirici haldır: “Mən Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya bizə göstərilən dəstəyə, diqqətə və idmançıların hazırlanmasına yaradılan şəraitə görə dərin minnətdarlığımı bildirirəm. Bu dəstək olmasaydı, lisenziya əldə edə bilməzdik. Hər kəs qeyd edir ki, on il ərzində bu gimnastika növünü inkişaf etdirmək və lisenziya qazanmaq böyük və əhəmiyyətli bir işdir. Hamı bizi təbrik edir. Bacardığımızı hələ də tam dərk etməmişəm. Bu, mənim ən böyük arzum idi. İndi hər şey yenidən başlayır, arxayınlaşmamalıyıq. Qarşıda bizi Avropa çempionatı gözləyir. Selcanın yüksək idman formasında olmasına çalışacağıq. Bütün diqqətimizi Olimpiya Oyunlarına hazırlığa yönəldəcəyik”.
Qeyd edək ki, bu, Azərbaycanda batut gimnastikası üzrə qazanılan ilk lisenziyadır.

 

 

İdman 2024-03-27 15:05:00