×
A
A
A
Sazlamalar

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışda 10 medal qazanıblar

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycan stolüstü tennisçiləri Türkiyədə keçirilən beynəlxalq yarışda uğurlu çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, idmançılarımız Nevşehirdə təşkil olunan “Avropa Gənclər Seriyası 2024” yarışında 10 medal qazanıblar.
Belə ki, təmsilçilərimiz yarışın son günlərində daha 8 mükafata layiq görülüblər. Yağmur Məmmədli 13 yaşadək idmançıların şəxsi mübarizəsində qızıl, 15 yaşadək idmançıların yarışında isə bürünc medala sahib çıxıb. Onur Quluzadə hər iki yaş qrupunun şəxsi mübarizəsində 3-cü yeri tutub.
Onur Quluzadə ilə Şakir Qədirov 13 yaşadək idmançıların qoşa yarışında 2-ci, Yağmur Məmmədli ilə Banu Baytallı 3-cü yeri tutub.
Tunar Bağırovla Uğur Nəzərli, Xədicə Eylazova ilə Şəbnəm Mansurova 15 yaşadək stolüstü tennisçilərin qoşa yarışında fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Daha əvvəl U-13 milli 2-ci, U-15 yığma isə 3-cü yer tutub.
Beləliklə, komandamız “Avropa Gənclər Seriyası 2024” yarışını ümumilikdə 1 qızıl, 2 gümüş, 7 bürünc medalla başa vurub.

İdman 2024-03-18 12:23:00