×
A
A
A
Sazlamalar

Coşqun Diniyev: Azərbaycan çempionatına qayıtmağı düşünmürəm

Bakı, 18 mart, AZƏRTAC

“Azərbaycan çempionatına qayıtmağı düşünmürəm”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin və Türkiyənin “Ümraniyəspor” komandasının futbolçusu Coşqun Diniyev deyib.
O, Türkiyədə xoşbəxt olduğunu bildirib: “Bura hər cəhətdən mənə uyğundur. Bu ölkənin digər klublarından təkliflər var. Daha 2-3 mövsüm də karyeramı Türkiyədə davam etdirmək istəyirəm".
29 yaşlı yarımmüdafiəçi “FIFA series - Edition 2024” layihəsi çərçivəsində yenidən Azərbaycan millisinə dəvət aldığı üçün xoşbəxt olduğunu söyləyib: “Ölkəmin bayrağı altında oynamaq qürurvericidir. Milli komandanın formasını geyinmək hər bir futbolçunun arzusudur. Bunun rəsmi və ya yoldaşlıq görüşü olması fərq etmir. İnanıram ki, Bakıda keçirəcəyimiz matçlarda da azarkeşlərimizi sevindirəcəyik. Uzun müddətdir millinin toplanışı olmurdu. Biz futbolçular da yığma üçün darıxmışıq”.
O, Azərbaycan millisinə müvəqqəti olaraq baş məşqçi təyin olunan Arif Əsədov ilə bağlı isə bunları deyib: “İnanıram ki, qarşıda keçirəcəyimiz oyunlar həm Arif Əsədov, həm də bizim üçün uğurlu olacaq. Onunla son illər bir yerdə işləyirik. Çox gözəl insan və məşqçidir. Yəqin ki, AFFA-ya yeni rəhbərlik gəldikdən sonra baş məşqçinin kim olacağı məlum olacaq. Buna biz qərar vermirik. Əsas odur ki, meydanda hansı ölkə üçün oynadığımızı daha yaxşı dərk edə bilək”.

 

İdman 2024-03-18 11:12:00