×
A
A
A
Sazlamalar

1992-ci il fevralın 25-dən 26-na keçən gecə insanlığın, mərhəmətin, vicdanın öldüyü tarixdir...

Bakı, 26 fevral, Göyçək Mahmudlu, AZƏRTAC

Fevralın 26-da Bakı Gənclər Mərkəzində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar olaraq “Bir gecədə yanan şəhər” adlı tədbir keçirilib. Tədbirdə mərkəzin könüllüləri ilə yanaşı, Dövlət Gömrük Komitəsinin Akademiyasının kursantları da iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəmanların, o cümlədən Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Bakı Gənclər Mərkəzinin əməkdaşı Kənan Şərifov 32 il əvvəl Ermənistan silahlı qüvvələrinin Rusiyanın 366-cı motoatıcı alayı ilə birlikdə Xocalıda tarixdə misli görünməmiş vəhşiliyə əl ataraq dinc əhaliyə divan tutduğunu, bir gecədə bir şəhəri yerlə-yeksan etdiklərini bildirib: “Həmin gecə 613 Xocalı sakini qətlə yetirildi. O gecə heç kəsə, dünyadan bixəbər südəmər körpəyə belə aman verilmədi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə təkcə Xocalı sakinlərinin deyil, insanlığın, mərhəmətin, vicdanın öldüyü tarixdir. Ən dəhşətlisi uşaqların, qocaların, qadınların ən ağlasığmaz üsullarla qətlə yetirilməsi idi. Təəssüf ki, dünyanın özünü demokratik adlandıran ölkələri, beynəlxalq təşkilatlar bu qədər vəhşiliyin, xalqımızın başına gətirilən faciələrin, ölkəmizə qarşı ədalətsizliyin, torpaqlarımızın işğal edilməsi, soydaşlarımızın öz yurd-yuvasından didərgin düşərək məcburi köçkün həyatı yaşaması hadisələrin qarşısında sadəcə susmaqla kifayətləndilər. Əfsuslar olsun ki, Xocalı soyqırımının tanıdılması, haqq səsimizin dünyaya çatdırılması istiqamətində işlər görülsə də həmin qətliam hələ də istənilən hüquqi qiyməti almayıb. Dünyanın susqunluğu və ədalətsizliyə tərəfdar olmasına cavab olaraq Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu haqq-ədaləti döyüş meydanlarında bərpa etdi. Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzə qovuşduq. Ötən il Xocalıya asılan üçrəngli bayraq isə hər kəsə verilən ən layiqli cavab oldu. Sevindirici haldır ki, Xocalı sakinlərinin öz yurd-yuvalarına dönüşü prosesinə başlanılır. 32 ildən sonra Xocalıya həyat yenidən qayıdacaq. Unutmayaq ki, biz döyüş meydanından Qələbə ilə ayrılsaq da, hələ də informasiya cəbhəsində savaşımız davam edir. Bu zaman gənclərimizin tariximiz barədə yetərincə məlumatlı olması, topladıqları faktlar və sübutlar ən böyük silahımızdır”.
Sonra “Son döyüş” qısametrajlı filmi nümayiş etdirilib.
Filmin nümayişindən sonra çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, tarix elmləri üzrə fəlsəfə doktoru, Birinci Qarabağ müharibəsi qazisi Sahib Vəliyev Xocalı faciəsinin 1990-cı illərdən başlayaraq xalqımızın başına gətirilən qanlı hadisələrdən biri olduğunu diqqətə çatdırıb: “Azərbaycan tarixində öz əksini tapmayan hadisələr çoxdur. Bəziləri haqqında hələ də məlumatlar yoxdur, onlar arxeoloji tədqiqatlar zamanı üzə çıxa bilər. Arxeoloji tədqiqatlar zamanı hətta Xocalı soyqırımı ilə bağlı yeni məqamlar aşkarlana bilər. Ümumiyyətlə, 366-cı alayın o dövrdə Qarabağda törətmədiyi hadisə qalmamışdı. Şuşadan Xankəndiyə gələn avtobusun partladılması, Xocalıdan Şuşaya, Kəlbəcərə, Xankəndiyə, Gəncəyə gedən avtobuslarda əhalinin ağır artilleriya qurğuları ilə hədəfə alınması, Daşaltı, Xocalı əməliyyatları, Malıbəyli meşəsində törədilənlər, Topxana meşəsinin yandırılması... Xocalı faciəsindən əvvəl Xocalı hadisələri baş verirdi. Əslində Xocalı soyqırımına hazırlıq bir neçə il əvvəldən, xüsusilə 1991-ci ilin noyabrın 6-dan başlamışdı. O zaman müxtəlif vaxtlarda ermənilər azərbaycanlıları diri-diri yandırır, hamilə qadınların qarınlarını süngü ilə yarıb körpələri bətnindən çıxarırdılar. Yəni belə faktlar kifayət qədərdir. Xocalı hadisələri haqqında xarici ölkələrin arxivlərində kifayət qədər məlumatlar, faktlar olsa da gizlədildi. Həmin faktlar 44 günlük müharibədən sonra yavaş-yavaş üzə çıxır.
Xocalı soyqırımını insan əli ilə törədilən, yəni süni fəlakət adlandırmaq olar. O gecənin hər bir anı ürəkağrıdan hadisələrlə doludur”.
Sonda S.Vəliyev gənclərin suallarını cavablandırıb.

Qan yaddaşı 2024-02-26 18:15:00