×
A
A
A
Sazlamalar

Ermənistan silahlı qüvvələrinin mövqelərindən Zəngilan istiqamətində Ordumuzun mövqelərinə atəş açılıb, bir hərbçi yaralanıb VİDEO

Bakı, 12 fevral, AZƏRTAC

Fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.
DSX-dən AZƏRTAC-a bildiriblər ki, təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib.
Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin açılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb.
Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır.
Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ordu 2024-02-12 17:26:00

Video